Yorma müharibəsi
Zəiflətmə müharibəsi (ərəb. حرب الاستنزاف, Hərb əl-İstinzaf; ivr. מלחמת ההתשה, Milhemet haHataşah) — 1967–1970-ci illər arasında Sinay yarımadasında İsrail ilə Misir və müttəfiqləri arasında meydana gələn hərbi toqquşmalar.
1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra, Ərəb-İsrail qarşıdurmasının mərkəzində olan problemləri həll etmək üçün ciddi bir diplomatik səy göstərilmədi. 1967-ci ilin sentyabrında ərəb dövlətləri İsrail ilə sülh, tanınma və ya danışıqları qadağan edən "üç xeyr" siyasətini həyata keçirməyə başladılar. Misir Prezidenti Camal Əbdül Nasir, yalnız bir hərbi müdaxilənin İsraili və ya beynəlxalq birliyi İsraili Sinaydan çıxarmağa məcbur edəcəyinə inanırdı və iki ölkə arasındakı toqquşmalar qısa bir müddət ərzində Süveyş kanalı boyunca yenidən başladı.
Toqquşmalar əvvəlcə qarşılıqlı artilleriya atəşləri və Sinaya kiçik miqyaslı hücumlar ilə məhdudlaşırdı. Ancaq 1969-cu ildə Misir Ordusu daha genişmiqyaslı əməliyyatlara hazırlaşmağa başladı. 8 mart 1969-cu ildə Nasir, Süveyş kanalı boyunca geniş çaplı bombardmanlar, genişmiqyaslı hava döyüşləri və komando hücumlarını özündə cəmləşdirən zəiflətmə müharibəsi elan etdi. Qarşıdurmalar 1970-ci ilin avqustuna qədər davam etdi və atəşkəslə başa çatdı.