Ərəb sözüdür, ilk iki hərfi (əlif və bey) adının birləşməsindən əmələ gəlib. Alfavit də həmin qayda üzrə yaranıb, yunan sözüdür. Азбука da eyni qəlib əsasında əmələ gəlib, slavyancadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. 3000-ci ildə indi İraq adlandırılan dövlətin ərazisində yaşayan şumerlər yazını kəşf etdilər. Ayrı-ayrı sözlər və anlayışların müvafiq işarələri (simvolları) var idi. Onların sayı bir neçə mini keçirdi. Təbii ki, belə bir yazı dilini öyrənmək həddən artıq çətin idi.
Lakin e.ə. təxminən 1400-cü ildə bir finikiyalının ağlına dahiyanə fikir gəlir: hər bir səs üçün uyğun bir işarə (simvol) tapmaq, bundan sonra isə səs və onlara müvafiq simvollara əsasən sözlər yaratmaq.
Finikiyalılar simvol kimi əvvəllər sözləri işarə etdikləri elementlərdən istifadə edirdilər; məsələn, “Öküz” sözünün (finikiya dilində aleph) mənasını verən işarə finikiya dilində bu sözün əvvəlindəki “ah” səsini ifadə etmək üçün istifadə olunmağa başladı. “Ev” (beth) sözünü ifadə edən simvol “b”, “dəvə” (gimel) sözünün mənasını verən isə “g” oldu. Bu işarələr (simvollar) tədricən indi bizim hamımızın yaxşı tanıdığı hərflərə çevrildi.
Yunanlar finikiyalılardan bu sistemi, azacıq dəyişikliklər edərək hətta hərfləri belə mənimsəmişlər. Ancaq onlar yunan dilində heç bir məna verməyən sözləri təhrif etmişlər. Aleph alfaya (alpha), beth betaya (beta), gimel qammaya (gamma) və s.-yə çevrildi. Romalılar da, öz növbəsində, yunanların bu sistemini götürərək düzəlişlər etmişlər və onların əlifbası elə indi bizim də istifadə etdiyimiz əlifbanın əsasını təşkil edir – a, b, c və s. (Ayzek Azimov. Sözlərin tarixi)