Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988).
== Həyatı ==
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir.
Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.