Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], RSFSR[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur.
== Həyatı ==
Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir.
== Fəaliyyəti ==
Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir.Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir.
=== Milli azadlıq hərəkat üzvü kimi ===
Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi. A.Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda "Astoriya" mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak etmişdir.