Dilimizdə alaca, ala-bula, ala (пегий) sözləri var. Al sözü tarixən ağ sözü ilə eyni olub. Ala kəlməsinin mənasinda həmişə “ağ”anlamı da mövcuddur: ala “ağ rənglə başqa rənglərin qarışığı” deməkdir. Güman edirəm ki, bu mənada işlədilən ala sözü ağ kəlməsinin təhrif edilmiş formasıdır. Ağ, al, ala, avazı sözləri qohum kəlmələrdir.
Bu sözün bir mənası “böyük”deməkdir: alaqapı (kiçik qapıya quzu qapı deyirlər) sözündə də həmin mənada işlədilir. Ala və ulu sözləri tarixən eyni kökə malik olub.
Qədim mənalarından biri cüzam (bu, ərəbcədir) xəstəliyinin adıdır. Anadolu türkləri bu xəstəliyə “miskin” də deyirlər. Dəri və toxumalar çürüyür, ala-bula vəziyyət yaradır, söz də bu vəziyyətlə bağlıdır.