Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi, energetik.
== Həyatı ==
Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu.
1900-cü ildə Bakı real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır).
Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N. Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.