Ağa Axundov

Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı26 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi, energetik.

Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov
Doğum tarixi 21 mart 1882(1882-03-21)
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 1949(1949-10-26) (67 yaşında)
Vəfat yeri
Təhsili İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1]
Fəaliyyəti mühəndis

Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu.

1900-cü ildə Bakı real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini[ing.] mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon[ing.] mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda[ing.] ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır).

Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N. Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə[rus.] sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı. Ağa həmin düşərgənin texniki şöbəsində rəis müavini işləyirdi. Alimin vəfatından sonra onun ailəsinə Krasnoyarsk düşərgəsinin rəisi tərəfindən başsağlığı göndərilmişdi.

Ağa Axundov 1949-cu ildə vəfat edib.

  • Qaynatası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi. Sonra 77-ci Tengin alayına[rus.] dəyişilmişdi. Bir müddət sonra 4-cü Qrenadyor alayında[rus.] xidmət etmişdi. Məmməd bəy polkovnik rütbəsi ilə istefaya çıxmışdı. Məmməd bəy mayor Abbas bəy Ağayevin qızı Böyükxanım xanımla ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziyə xanım, Ayna xanım, Tamara xanım və Nisə xanım adlı qızları vardı.
  • Xanımı Tamara Məmməd bəy qızı Axundova — Tamara xanım Məmməd bəy qızı 1891-ci ildə Qarabağın Xankəndi şəhərində andan olub. Uşaqlıq illəri Tiflisdə keçmiş, təhsilini Hacı Zeynalabdin Tağıyevin ilk rus-müsəlman qız məktəbində almışdı. 1910-cu ildə Bakıda yaradılmış III rus-tatar şəhər qız məktəbinin ilk müəllimələrindən biri olmuşdur. 1920-ci ilədək bu təhsil ocağında qızlara təlim-tərbiyə vermişdi. Tamara xanım 1980-ci ildə vəfat edib. Tamara xanım Ağa Axundovla evlənmişdi. Davud adlı oğlu, Elmira xanım adlı qızı vardı.
  • Qızı Elmira Axundova — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958).
  • Oğlu Davud AxundovAzərbaycan-sovet memarı və tarixşünası, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü.

Ağa Axundov Avropadan təhsildən qayıtdıqdan sonra Aprel inqilabına qədər Bakıda ilk özəl elektrotexniki Lyumer kantorunu açır (Lyumerlərin kiçik qardaşı ilə dostluq xatirəsinə görə kantoru belə adlandırır). İtalyanın Fiat avtomobillərinin satışını təşkil edən ilk firmanı da Ağa Axundov açmışdır. Bu firma sürətlə böyüyüb bütün Zaqafqaziyada Fiatın rəsmi filialına çevrilmişdi. Ona, hətta, Turindəki Fiat zavodunun rəhbərliyini təklif etmişdilər. Lakin o, xanımı ilə məsləhətləşib, həmin təklifi qəbul etməmişdi. 1925-ci ildə Ağa Sovet Zaqafqaziyası tərəfindən Ümumdünya Paris sərgisinə[ing.] ezamiyyətə göndərilmişdir. Almaniyadan keçərkən o, yolüstü Münhen Universitetinin tibb fakültəsini bitirmiş qardaşı İsmayıl Axundovla görüşmüşdü. İsmayılı tropik xəstəliklər üzrə gözəl mütəxəssis kimi Hamburqda işləməyə dəvət edirlər, orada o, dissertasiya müdafiə edir, Fransada, Əlcəzairdə, İsveçrədə keçirilən simpoziumlarda çıxışlar edir. Lakin 1928-ci ildə İsmayılı təkidlə Bakıya qayıdıb o zaman az qala milli fəlakətə çevrilmiş malyariya xəstəliyi ilə mübarizə aparmağa çağırırlar. O, parlaq karyerasından əl çəkib Azərbaycana qayıdır və tropik xəstəliklərə qarşı mübarizə işlərinə başlayır.

  1. "Ağa Axundov". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]