Banqladeş iqtisadiyyatı
Banqladeş — dünyanın ən kasıb ölkələri sırasına daxildir. İnsan inkişafı indeksi 0,469-dur (195 ölkə arasında 129-cu yerdədir; 2010). ÜDM-in həcmi 241,1 mlrd.dollar, əhalinin hər bir nəfərinə 1500 dollar təşkil edir. ÜDM-in 52,8%-i xidmət sferasının, 28,6%-i sənayenin, 18,6%-i kənd təsərrüfatının payına düşür.
== Ümumi məlumat ==
Dövlətin iqtisadi siyasəti təxirə salınmaz məsələlərin həllinə: yoxsulluqla, işsizliklə, müntəzəm daşqınların nəticələri ilə mübarizəyə, təsərrüfat infrastrukturunu, xüsusən energetika sahəsində zəif inkişafın aradan qaldırılmasına yönəldilmişdir. Banqladeşin iqtisadiyyatı XX əsrin sonu–XXI əsrin əvvəllərində stabil və yüksək templə inkişaf etmişdir (ÜDM-in orta illik inkişaf tempi: 1980-ci illər də 4,3%; 1990-cı illərdə 4,7%; 2009-сu ildə 5,6%). İllik investisiyaların həcmi ÜDM-in 20–25%-ni (2004-cü ildə 23,5%) təşkil etmişdir. Birbaşa xarici investisiyaların axını stabil deyildir (1995–2000 illərdə cəmi 696 mln. dollar; 2009-cu ildə 700,2 mln. dollar).