Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri
AXC mühacirlərinin fəaliyyətləri — 1920-ci il 27 aprel işğalından sonra mühacirətə getmək məcburiyyəti qarşısında qalan, Azərbaycanda 20 il, Azərbaycandan kənarda isə 70 il fasiləsiz olaraq Sovet imperiyasına qarşı mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri;
== Azərbaycan mühacirətinin yaranması ==
=== Azərbaycan mühacirətinin tarixi kökləri ===
1920-ci il 27 aprel işğalı ilə Azərbaycandan kənara mühacir axınının yeni mərhələsi başlandı. Bu mərhələ səbəblərinə, istiqamətlərinin çox şaxəliliyinə, coğrafiyasının genişliyinə, mütəşəkkilliyinə və bir sıra özəl xüsusiyyətlərinə görə əvvəlkilərdən kəskinliklə fərqlənirdi. Belə ki, 1804–13-cü illər birinci Rusiya-İran müharibəsinin yaratdığı mühacir axınları müxtəlif motivlərlə (səbəb isə eyni idi) bağlı olduğundan, demək olar ki, toplumun əksər zümrələri əhatə edirdi. Gülüstan müqaviləsi ilə öz müstəqilliklərini itirmiş Şimali Azərbaycan xanlıqlarındakı hakim şəcərənin nümayəndələri 1826-cı ildə başlanan ikinci Rusiya-İran müharibəsi və yerli üsyanlar sayəsində rus istilasına son qoymağa çalışırdı. Mirzə Bala Məmmədzadə yazır:
1809, 1826-cı illərdə, eyni zamanda Türkmənçay müqaviləsindən sonra 1837-ci ildə baş verən bu üsyanların təbii ki, qurbanları, həbsləri, sürgünləri ilə yanaşı mühacirləri də olmuşdu. Rusların yaratdığı müstəmləkəçilik rejimi ciddi iqtisadi, sosial məhrumiyyətlər doğurduğundan mühacirlərin çoxu həm də iş axtarmaq üçün Şimaldan Cənuba, bir sıra hallarda isə Türkiyəyə axışırdı. Belə siyasi və iqtisadi motivlərlə ölkəni tərk etməyə məcbur olanlardan başqa, xristian metropoliyasının köləsi olmaqla barışa bilməyən ziyalılar və din adamları da dini və şəxsipsixoloji motivlərlə mühacirətə gedirdi. Birinci və İkinci Rusiya-İran müharibələrinin doğurduğu mühacir köçləri əsasən Cənubi Azərbaycana üz tutmuşdu. M.B.Məmmədzadə İranda olarkən (1924–1927) şimallı mühacirlərin üçüncü, dördüncü nəslinin nümayəndələri ilə görüşdüyünü xatırlayır: "Onlar, 1813-cü il Gülüstan sülhündən sonra, Ərdəbil ətrafında Talış müharibəsindən indiyə qədər mühacir hüququ ilə yaşamaqdadırlar". 1853–56-cı illər Krım, 1877–78-ci illər rus-türk müharibələri də Azərbaycandan kənara mühacir axınının sürətlənməsinə az təsir etməmişdi.