Kərəm Kərimov (həkim)
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri doktoru.
== Həyatı ==
Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub.
1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975–1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977–1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K. T. Kərimov Z. Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir.
1985-ci ildə K. T. Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1986-cı ildə K. T. Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K. T. Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K. T. Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K. T. Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.