Qarabağ xanlığının işğalı
Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra Azərbaycan torpaqlarında ardıcıl olaraq iyirmi xanlıq müstəqil olur ki, bunlardan biri də Qarabağ xanlığıdır. Xanlığın əsası Qarabağın Sarıcalı kəndində anadan olmuş, Cavanşirlər sülaləsinin nümayəndəsi Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlular və Baharlı türk tayfaları təşkil etmişdir.
Qarabağ salnaməçilərinin hamısı Qarabağ xanlığının yaranmasını sarıcalılı Pənahəli bəyin adı ilə bağlayırlar. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı оymağından оlmasını yazmaqla qəbul еdir. Mirzə Camal bəy Qarabaği “Qarabağnamə” əsərində yazır: “Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər.”
Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı.