Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Laçının işğalı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 15 may 1992 – 20 may 1992 (5 gün) | ||
Yeri | Laçın rayonu, Azərbaycan | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı.
1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi. Milli Ordunun hissələrindən ibarət 2,700 nəfərlik canlı qüvvə Daxili Qoşunlar və polis bölmələrindən dəstək almış, o cümlədən hərbi texnika ilə təchiz edilmişdi. Onlar 12 mayda Şuşa ətrafına yerləşdirilmiş, lakin əməliyyat həyata keçirilməmişdi. Bu zaman orduda itaətsizlik başlamış, hərbi komandirlər Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovulmuşdu. Yevlaxdakı qərargahda görüşən Azərbaycan hərbi komandanlığı Ağdamdakı rus qoşunlarının dəstəyi ilə Şuşanı 17 mayda azad etmək üçün yeni bir plan cızmağa başlamışdılar.
Buna baxmayaraq, 14 mayda Ali Sovetin Mütəllibovu hakimiyyəti gətirməsi vəziyyəti çətinləşdirmişdi. Bunu dövlət çevrilişi olaraq qiymətləndirən AXC Bakıda inqilab etməkdə qərarlı idi. Cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonları mövqelərini tərk edərək Bakıya üz tutmuşdu. 15 mayda İsgəndər Həmidov texnika ilə parlamentə daxil olaraq Mütəllibovu devirmişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından qayıdan Qazıyev vəziyyətdən xəbərdar olan kimi Bakıya qayıtmış, AXC-ni Laçını təhlükə altına qoymaqda günahlandırmışdı. Artıq hakimiyyəti əlinə alan AXC KTMT-yə qoşulmaqdan imtina etmiş və ölkədəki rus qoşunlarını qovmuşdu. Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlayır. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu. Erməni qüvvələri Turşsu kəndini işğal edir və Laçına doğru irəliləməyə başlayır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk edir və 18 maya qədər Laçın boşaldılır. Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi qaçqın düşür. Baş qərargah rəisi Şahin Musayev 19 mayda Qubadlıya gələrək vəziyyətə ələ almağa çalışır və növbəti gün uğursuz bir əks-hücum əməliyyatı baş tutur.
Laçının işğalı beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyaya səbəb olmur. Erməni diplomatları Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri olan bir humanitar dəhliz kimi təqdim etmişdi. Həmçinin, onlar Laçında baş verənlərin Ermənistanla aidiyyətinın olmadığını və oradakı yerli kürdlərin üsyan etdiyini iddia etmişdir. 20 mayda erməni rəhbərliyi tərəfindən burada Laçın Kürd Respublikasının qurulduğunu elan edilir, lakin bu qondarma respublika bir həftə belə yaşamır. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində Dağlıq Qarabağdakı ermənilərin hərbi imkanları dəfələrlə artmışdır.
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Rayonun iqtisadiyyatında heyvandarlıq, bitkiçilik və arıçılıq üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti 1930-cu ildə bölgəni inzibati ərazi vahidinə çevirmiş və əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçını inzibati mərkəz təyin etmişdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 58,736 nəfər azərbaycanlı və kürd yaşayırdı.[2] Ermənistan və Dağlıq Qarabağdan qovulan azərbaycanlıların bir qismi Laçına köçmüşdü.[3][4]
Ermənistanı Dağlıq Qarabağla birləşdirən əsas yol Laçın rayonu ərazisində keçirdi və adətən Laçın dəhlizi adlanır. Ermənilərin baxış bucağına görə, bu dəhliz Dağlıq Qarabağın erməni əhalisi üçün zəruri tədarük xətti rolunu daşıyırdı.[5] Bura Ermənistanın cənubundakı Sünik mərzindəki Gorus şəhərini Dağlıq Qarabağın regional paytaxtı olan Xankəndi şəhərinə birləşdirirdi;[6] Ermənistanı Dağlıq Qarabağa birləşdirən digər əsas yol Murov silsiləsindən keçirdi.[7] Azərbaycan Laçın dəhlizinə nəzarətin itirilməsini öz suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulması, eləcə də azərbaycanlı kəndli əhalisinin birbaşa təhlükə altına qoyulması olaraq görürdü. Laçın şəhərini işğal edərək[8]
1992-ci ilin əvvəllərində Azərbaycanda siyasi böhran baş verirdi. Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Arif Hacıyev Azərbaycan Prezidenti Ayaz Mütəllibova ultimatum göndərmiş, ona təhlükəsizlik və istədiyi halda ölkədən getməyə zəmanət verilməsi ilə istefa etməsini təklif etmişdir. AXC rəhbərliyi ultimatumun qəbul edilmədiyi halda güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi.[9] Həmin ilin martında Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.[10] Müxalifətin təzyiqi ilə üzləşən prezident Ayaz Mütəllibov 6 martda vəzifəsindən istefa vermiş, növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verildi.[11] 9 may 1992-ci ildə Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı.[12][13]
Şəhərin işğalı müdafiə naziri postuna yeni gəlmiş Rəhim Qazıyevin dövründə baş vermişdi. Qazıyev öz reputasiyasını qorumaq üçün şəhəri geri almaq planları qurmağa başlamışdı. Digər cəbhəçilərdən fərqli olaraq açıq şəkildə rusiyapərəst olan Qazıyev 10 mayda Rusiyanın müdafiə nazirinin müavini olan Pavel Qraçovla görüşmüş və ondan hərbi dəstək almışdır.[14] Şuşaya köçürülməli olan 2,700 əsgərin təlimdən keçməsi üçün Goran Təlim Mərkəzindən istifadə edilmiş, daxili qoşunların hərbi hissələri və polis bölmələri də çağırılmışdır. Elbrus Orucovun rəhbərliyində olan qüvvələr hərbi texnika və "Qrad"larla təchiz edilmişdi. Əməliyyatda iştirak edəcək qüvvələr 12 mayda Şuşa ətrafında yerləşdirilsə də, şəhərin azad edilməsi məqsədilə heç bir əməliyyat keçirilməmişdi. Orucov sonradan bildirmişdir ki, o, Müdafiə Nazirliyindən belə bir əməliyyat keçirmək üçün əmr almamışdı.[15]
12 mayın axşamında orduda itaətsizlik başlamışdı. Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovuldu. Ardınca, azərbaycanlı hərbi liderlər Yevlaxda hərbi qərargahda görüşdü. Hazırlanan planda komandanlığın Tərtər, Ağdam və Xocavənd rayonlarında erməni qoşunlarına manevr zərbələri endirməsi, rus qoşunlarının Əsgəranı ələ keçirməsi, 17 mayda isə Milli Ordunun Turşsu və Zarıslıda olan əsas qüvvələrinin Şuşanı azad etməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, Laçındakı vəziyyət nəzarətdən çıxmışdı, silahlı qüvvələrin bir hissəsi cəbhə xəttindən Bakıya çəkilirdi.[15]
14 mayda Ali Sovet yenidən iclas keçirdi və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edildi. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.[16] Bunu dövlət çevrilişi kimi görən AXC Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı.[17] AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi. Arif Paşayevin başçılıq etdiyi Laçın alayının çoxlu sayda əsgəri və Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü.[15] AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum oldu.[18]
15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə parlament binasına və televiziyaya basqın etdi. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.[16] Növbəti gün o, Azərbaycanı tərk etdi.[18] Müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçildi. Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edildi, Qazıyev isə müdafiə naziri olaraq qaldı.[16] Həmin gün Özbəkistanın Daşkənd şəhərində Rusiyanın himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılmışdır. Ermənistanın KTMT-yə daxil olmasına baxmayaraq, artıq AXC iqtidarında olan Azərbaycan KTMT-yə qoşulmaqdan imtina etmişdi. Rus hərbçilərinin Ağdamdan geri çəkildiyini və Əsgərana hücum olmayacağından xəbər tutan erməni ordusu 16 mayda öz əsgərlərini Şuşa–Laçın xətti ilə yerləşdirməyə başlamışdı.[15]
Ermənistanın Gorus şəhərindəki artilleriya qüvvələri tərəfindən dəstəklənən[19] erməni silahlı dəstələri 15 mayda 776 saylı hərbi hissənin yerləşdiyi Zarıslı kəndi yaxınlıqlarında hücuma keçdi. Döyüşlər zamanı, günortadan sonra hərbi hissənin komandiri Xaqani Rüstəmov həlak oldu. Rüstəmovun əsgərləri bundan sonra onun cəsədini də götürüb cəbhə bölgəsini tərk etdilər. Erməni dəstələri ardınca buranı işğal etdilər və Turşsu istiqamətində hücuma keçdilər. 776 saylı hərbi hissənin cəbhəni tərk etməsindən sonra Şırlan–Sarıbaba istiqamətində yerləşdirilmiş Azərbaycan qüvvələrinin müdafiəsində boşluq yarandı.[20]
Elbrus Orucov cəbhə xəttini qısaltmaq məqsədilə Milli Ordunun hissələrinə geri çəkilmə əmri verdi, lakin bu, ümumi panikaya səbəb oldu. Orucov özü axşam saatlarında Laçına getdi, Şuşa və Laçın rayonundakı Azərbaycan hərbçiləri geri çəkilməyə başladı. Salatınkənd yaxınlığındakı körpü partladıldı. 777-ci xüsusi təyinatlı batalyon dərhal Qubadlıya, 771 saylı hərbi hissə isə icazəsiz olaraq Yevlaxa getdi. 773 saylı hərbi hissə də 16 mayın səhəri Laçını tərk etdi.[20]
16 mayda erməni qüvvələri Turşsu kəndini, həmçinin Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdi. Ruhdan düşmüş Azərbaycan ordusu müqavimət göstərə bilmədi. Tank və piyada döyüş maşınları ilə qaçan qüvvələri lentə alan jurnalist Çingiz Mustafayev onlardan ərazini tərk etməməyi xahiş etmişdi. Daşkənddən Gəncəyə gələn Rəhim Qazıyev Laçında baş verənlərdən xəbər tutduqdan sonra dərhal Bakıya yollandı. Qazıyev döyüşçülərini burada görəndə əsəbiləşdi və onlardan birinə yumruq atdı. Qazıyev daha sonra Ali Sovetdə kürsüyə keçərək AXC rəhbərliyini cəbhədən əsgərləri geri qaytarmaqla Laçını təhlükə altına qoymaqda günahlandırdı.[15]
Qaladərəsi istiqamətində cəmi 30–40 əsgər dayanıb öz postlarını qoruyurdu. Ordunun böyük əksəriyyəti Qubadlı istiqamətində geri çəkilmiş, yalnız az sayda qoşun qalmışdı. Elbrus Orucov saat 17:00 radələrində Eldar Həşimovun rəhbərlik etdiyi "Qartal" dəstəsinin əsgərləri tərəfindən oğurlanaraq Qubadlıya aparıldı. Onun 18 mayda edam edilməli olduğu deyilmişdi, lakin Rəhim Qazıyev bunun qarşısını ala bilmişdi.[15] Rəhim Qazıyevin sözlərinə görə, Laçında 7 BM-21 Qrad vahidi və çoxlu döyüş sursatı var idi, lakin erməni qüvvələrinə heç bir atəş açılmamış, Laçın uğrunda heç bir döyüş olmamışdı.[13] Seyran Ohanyan Laçında döyüşən Azərbaycan ordusunun yalnız əhalinin şəhərdən çıxmasını təmin etmək üçün erməni dəstələrinin qarşısını kəsdiyini düşünürdü.[21]
Erməni qüvvələrinin hücumu sürətli şəkildə həyata keçirilirdi. Kəndlər müqavimətsiz zəbt edilmiş, Azərbaycan əsgərləri tərəfindən arxada qoyulan silahlar, texnika və döyüş sursatı ələ keçirilmişdi. Erməni komandanlığı tərk edilmiş kəndlərdə ərzaq, yanacaq təchizatı, kənd təsərrüfatı heyvanları ilə ehtiyaclarını qarşılamışdı. Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edildi.[22] Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv edir,[21][23] Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırır.[3] Laçın şəhərinin təqribən 7,800 nəfərdən ibarət Azərbaycan və kürd əsilli sakini qaçqın düşür.[2][24] Ermənilər yerli əhalidən əsirlər də götürmüşdü. Hadisə yerində olan şimali irlandiyalı jurnalist Rori Pek erməni əsgərlərdən əsirlərlə nə edəcəklərini soruşmuş, ermənilər isə boğazlarına bıçaq tutaraq cavab vermişdir. Pekin sözlərinə görə, ermənilər üçün "bu insanların azərbaycanlı və ya kürd olması əhəmiyyətli deyildi. Onlar ermənilər üçün müsəlman və qırılacaq adamlardan".[23] Azərbaycanın dövlət mənbələrinə görə, işğal zamanı 13,745 yaşayış evi qarət edilərək yandırılmış, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymişdir.[2]
19 mayda Baş Qərargah rəisi, general-mayor Şahin Musayev komandanlığı bərpa etmək üçün Qubadlıya gəldi. Növbəti gün Laçını geri qaytarmaq üçün əks-hücum başladı. Hücum zamanı yerli "Qorxmaz" dəstəsinin komandirlərindən birinin şəhid olması Azərbaycan qoşunlarında panikaya səbəb oldu və hücum əməliyyatı iflasa uğradı. Həmin gün axşam saatlarında Elbrus Orucov və Şahin Musayev yenidən Eldar Həşimovun dəstəsi tərəfindən həbs edildi və bir neçə saat sonra Qubadlıdan qovuldular. Bununla da Laçın uğrunda döyüşlər başa çatdı.[25] Döyüşlər zamanı Azərbaycan ordusu ümumilikdə 31 nəfər itki verdi, 43 nəfər isə yaralandı. Ermənistan ordusu cəmi 25 itki vermişdi.[15]
Laçının işğalı ilə ermənilər Azərbaycanın mühasirəsini yarmış, Ermənistanla Xankəndini ayıran yeddi kilometrlik dəhlizi aradan götürmüşdü.[26] Tarixçi Mixail Jiroxova görə, Laçının işğalı erməni ordusu müharibə illərindəki əsas nailiyyəti olmuşdu, çünki bundan sonra Dağlıq Qarabağdakı erməni qüvvələrinin hərbi imkanları dəfələrlə artmışdı.[19] Bu, Ermənistan tərəfində status-kvonun beynəlxalq səviyyədə tanınmasına və Qarabağ məsələsinin yekun həllinə imkan verəcək yeni hərbi-siyasi vəziyyət illüziyasının formalaşmasına səbəb olmuşdu. İrəvandakı komandanlığın planlarında Ermənistanın ərazi iddiaları sferasına daxil olan qalan ərazilər üzərində operativ nəzarətin qurulması, ardınca isə mövcud status-kvo hüquqi cəhətdən möhkəmlənənə və münaqişə siyasi yolla həll olunana qədər erməni qüvvələrinin bütün istiqamətlərdə aktiv müdafiəyə keçməsi nəzərdə tutulurdu. Ermənistanda milli ordunun formalaşmasını sürətləndirmək məqsədilə may–iyun aylarında Ermənistanda səfərbərlik elan edilmişdir. Eyni zamanda, Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa davamlı olaraq gücləndirici qüvvələr daşınmış, onlar Qarabağda fəaliyyət göstərən qoşun qruplaşmasının komandanlığının sərəncamına verilmişdir. Görülən səylər nəticəsində iyunun ortalarına qədər cəbhədə 100 zirehli texnika ilə dəstəklənən 20 min nəfərdən ibarət hərbi birləşmə formalaşdırılmışdı.[27]
Ermənistan dövlət rəsmiləri Laçını Dağlıq Qarabağ erməniləri üçün humanitar dəhliz kimi təqdim edirdi.[28] Həmin vaxt Misirdə olan Ermənistan Prezidenti Levon Ter-Petrosyan demişdi ki, Azərbaycan ərazisindən Ermənistana dəhliz açıldığı halda Dağlıq Qarabağ əhalisinin ərzaq və dərman çatışmazlığından qurtulacaqdı.[13] Beynəlxalq ictimaiyyət erməniləri Azərbaycanın ərazi bütövlüyünün Laçının işğal edilməsi nəticəsində pozulmasına görə tənqid etmişdi. Buna baxmayaraq, Ermənistan və Dağlıq Qarabağın Azərbaycan tərəfindən blokadası özlüyündə insan haqları pozuntusu hesab edildiyindən beynəlxalq ictimaiyyət əsasən passiv və susqunluq nümayiş etdirirdi.[29] Jirayr Liparityana görə, beynəlxalq ictimaiyyət Laçının işğalına görə müəyyən dərəcədə şoka düşmüşdü. Buna baxmayaraq, işğala sərt reaksiya verilməmişdi. BMT Təhlükəsizlik Şurası bu yeniliyi qınayan qətnamə qəbul etməmişdi. Bu diqqətsizliyə səbəb olan amillərdən biri də münaqişənin hələ nisbətən yeni olması idi.[13] İşğaldan sonra Rusiya və Türkiyə Laçının işğalı və münaqişənin davam etməsindən dərin narahatlıq yaşadığını bəyan etmişdir.[30]
Ermənistan hökuməti hücum və işğal ilə heç bir əlaqəsi olmadığını bəyan etmişdi.[28] Onlar döyüşlərdə iştirak edən qüvvələrin növbədə üsyançı kürdlərə yardım edərək humanitar dəhliz açmağa çalışan Qarabağ erməniləri olduğunu bildirmişdi. Hadisələrin erməni versiyasının doğru olub-olmadığını müəyyən etmək üçün əraziyə xarici müstəntiqlər göndərilmişdi. Onlar iddianı təsdiqləyən bir neçə kürddilli şəxs tapmışdı, lakin onlar nə laçınlı idilər, nə də müsəlman idilər. İddianı təsdiqləyən işğal zamanı şəhərə köçmüş, əslən Ermənistandan olan kürddilli yezidi və zərdüştilər idi.[31] Ermənistan hakimiyyəti Laçının işğalını hüquqi formaya salmaq, kürd amilindən istifadə edərək təkcə erməni azlığının yox, kürd azlığının Azərbaycandan müstəqillik uğrunda mübarizə apardığını göstərməyə çalışırdı.[32] 20 may 1992-ci ildə burada Laçın Kürd Respublikasının qurulduğunu elan edilir.[33] Bunlara baxmayaraq, bu respublika 1 həftə belə yaşamır. Bunun əsas səbəbi regionda respublika üçün heç bir etnik dayağın olmaması idi. Kürdlər də, azərbaycanlılar kimi Laçının işğalı zamanı regiondan qovulmuşdular.[34] Həmçinin, belə bir respublikanın qurulması milliyətçi erməni dövlət rəhbərlərinin maraqları ilə toqquşurdu. Bölgədə kürd dövləti yaratmaqla Ermənistan hakimiyyəti Birinci Qarabağ müharibəsində ermənilərin əsas arqumenti, "Qarabağın tarixən Ermənistana aid olması" iddiasını pozurdu.[32]
Azərbaycanlı tarixçi Tural Həmidə görə, Laçının işğal edilməsində əsas faktor AXC və Mütəllibov arasındakı hakimiyyət davası idi. Mütəllibov hakimiyyətə gələcəyi təqdirdə Şuşanı yenidən Azərbaycana qaytaracağına söz vermişdi. AXC isə nəyin bahasına olursa olsun, bunun qarşısını almağa çalışırdı.[15] Britaniyalı jurnalist Tomas de Vaala görə, Bakıdakı siyasi böhran zamanı Laçın heç kimi maraqlandırmırdı.[21]
1992-ci ilin payızı "Goranboy" əməliyyatının, ümumiyyətlə Azərbaycanın müharibədəki hərbi uğurunun pik nöqtəsi olmuşdu.[35] Sentyabrın əvvəlində Baş Qərargah rəisi, general-leytenant Valeh Bərşadlının istefası ilə əlaqədar hərbi əməliyyatların xarakteri dəyişmiş, Azərbaycan komandanlığı əsas səylərini Laçın dəhlizini geri almağa yönəltmişdir.[36] Bu zaman döyüşlər intensivləşmiş,[37] Laçının kəndlərinin əksəriyyəti 1992-ci ildə keçirilən əməliyyatda azad edilmiş, lakin şəhər işğal altında qalmışdır.[38] 1992-ci ilin oktyabrına qədər irəliləyiş dayanmış və əməliyyat iflasa uğramışdı.[35][39]
İşğaldan bir neçə ay sonra şəhəri ziyarət edən kanadalı jurnalist Daniel Brok qeyd etmişdir ki, Laçında "nə bir bina, nə ev, nə məktəb, nə bir avtobus dayanacağı zərərsiz qalmamışdı".[40] 1994-cü ildə məcburi köçkünlər üzrə amerikalı ekspert Bill Frelik Laçına səfər etmiş, Laçının ruhlar şəhərinə çevrildiyini qeyd etmişdir. O, əlavə olaraq, şəhərin güclü şəkildə minalandığını, ermənilərin isə şəhəri bərpa etmədiyini, hətta müharibənin qalıqlarını da təmizləmədiyini yazmışdır.[3] Buna baxmaraq, işğalçı rejim sonradan şəhərə Ermənistan vətəndaşlarını köçürmüşdür.[41] Əlavə olaraq, 2020-ci ildə Beyrutda baş verən partlayışdan sonra Ermənistan hökuməti tərəfindən rayona Livan erməniləri də köçürülmüşdür.[42]
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları[43] oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır.[44] Müharibə 10 noyabrda üçtərəfli bəyanat ilə sona çatmışdır. 1 dekabrda Laçın rayonu Azərbaycana qaytarılmışdır.[2] Buna baxmayaraq, Laçın dəhlizi və şəhəri rus sülhməramlılarının nəzarətinə verilmişdir.[45]