Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır.
== Toponimikası ==
Masazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır.
== Tarixi ==
Masazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir.