Nadirqulu xan Qırxlı-Avşar
Nadir şah Əfşar (fars. نادر شاه; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi.
Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.