Təxəyyül
Təxəyyül — insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı - ayrı orqan¬larının fəaliyyətinə təsir edə bilir.