Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 9 saat əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Ağdamın baş planı (2021) və ya Ağdamın bərpa edilməsi — 27 illik işğaldan azad edildikdən sonra dağıdılmış Ağdam şəhərinin yenidən qurulması planı. Plan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2021-ci il mayın 28-də təqdim edilmişdir.
Plan, şəhərin 2040-cı ilədək inkişafını əhatə edən Baş plandır. Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.[1]
Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Bakıdan 358 km aralıda yerləşir.[2] Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.[2] Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir.[2] XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir.[2] Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir.[2] Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.[2] Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.[3]
1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.[3][4]
1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğal edilmişdir.[2]
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.
2021-ci il may ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Görüşdə çıxış edən Dövlətimizin başçısı Prezident İlham Əliyev:[5]
Bu gün Respublika gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.[5] |
Erməni quldurları tərəfindən, yerlə-yeksan olunmuş Ağdamın gələcək ərazisi iki dəfə böyüyəcək. "Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük,"- şəhərin Baş planı ilə tanış olan İlham Əliyev deyib. Bununla yanaşı bəzi kəndlərində şəhərə birləşdirəcəyi haqqında məlumat verilmişdir.
Ağdama məxsus, 1700 hektara daxil bəzi ərazilər bağlara veriləcək.
Azərbaycan Respublikasının Prezidentinə ağdamın Baş planının təqdimatı vaxtı şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımını nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib. Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun "tarixi hüdudlarından başqa" bir neçə (planın təqdimatında 8 kəndin adı çəkilib) kənd birləşdirilib. Baş planı Prezidentə təqdim edən Ruslan Sadıqov bildirib ki, əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.[6]
Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulub. Nəticədə, şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilir. Şəhərdə ictimai yaşıllıq məkanları da qurulacaq. Belə ki, hər bir Ağdam sakini evindən 400 metrlik məsafəni qət etdikdən sonra istirahət parkına çatacaq.[6]
Nəqliyyat infrastrukturunda əsas üstünlük piyadalara veriləcək, yeni Baş planda belə göstərilir. "Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və "Carsharing", - İlham Əliyevə nəqliyyat şəbəkəsi barədə məlumat verən Ruslan Sadıqov deyib. Baş planda əsas hərəkət vasitəsi kimi velosipedlər xüsusi yer tutacaq. Bunun üçün ayrıca "şərait və infrastruktur olacaq ki," insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, "rahat istifadə edə bilsinlər".[6]
Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub. Tramvay marşrutun digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməməsi üçün yolun ortası ilə keçməyəcək.[6]
Plan üzrə Təhsil Nazirliyi Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. "Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq", - təqdimat vaxtı İlham Əliyev deyib. Ağdamda açıqlanan məlumata görə, xüsusi məktəb inşa etməyə investorlar da maraq göstərir. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin "300-350 metrliyində məktəb olacaq".[6]
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri kimi onun "intensiv, müasir bağlar" və əlçatan yaşıl zonalara sahib olmasıdır."Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər", - Baş planın təqdimatında deyilib.
Həmin bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar "kənara çıxmadan bağ-bağatın içində" dincələ bilsinlər. Digər bir məqam bitkilərin seçimi ilə bağlıdır - nəzərdə tutulur ki, "lavanda bitkisi kimi gül açan, badam bitkisi",digər çiçəklənən bitkilər olsunlar. "Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq", - Ruslan Sadıqov qeyd edib. Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa da, layihədəki meşə zolaqlarının sahələri 23 faizə çatacaq.[6]
Baş planının təqdimatı vaxtı şəhərdə BMT-nin UNICEF qurumunun "Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında" kitabçasında göstərilən 18 müddəasının nəzərə alındığı qeyd olunub. Planın müəllifləri müvafiq prinsiplərin kompüter şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonalarına qədər əks olunduğunu deyirlər.
Misal üçün ağıllı və ya dayanaqlı şəhər prinsipinə uyğun olaraq, burada su, elektrik təchizatı, sosial infrastruktur, elə qurulub ki, əl çatan olsun və sakinlərə xəstəxana, məktəb və ya baş meydana piyada getmək imkanı verilsin. Ağıllı şəhər konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olmalıdır.[6]