Bulud xalçaları[1] — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.
Xalça | |
Bulud xalçaları | |
---|---|
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi |
1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.[2]
Qarabağ tipinin Şuşa qrupuna daxil olan və "Bulud" adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin yarısından etibarən Avropa və rusiya incəsənətinin təsiri altında yaradılmışdır. Onlar Bağçadagüllər xalçası ilə eyni zamanda yaranmışdır. Qeyd etmək lazımdır ki, orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir. "Bulud" adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirindən əsər – əlamət yoxdur.
Xalçanın adı "blyudo" rus sözünün təhrif edilmiş variantından yaranmış və sadə xalq dilində "bulud" kimi yayılmışdır. Xalça iri yarpaq elementlərdən təşkil olunmuşdur. Bu elementlərə parlaq çiçək təsvirləri yerləşdirilir. Xalçanın haşiyəsi də bu tərzdə tərtib olunur.