Qasımuşağı xalçaları

Qasımuşağı xalçalarıAzərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalar. Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50–60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.[2]

Xalça
Qasımuşağı
Qasımuşağı xalçası, XIX əsr Azərbaycan Milli Xalça Muzeyi, Bakı
Qasımuşağı xalçası, XIX əsr
Azərbaycan Milli Xalça Muzeyi, Bakı
Xalça haqqında məlumatlar
Məktəbi Qarabağ xalçaçılıq məktəbi
Növü Xovlu xalçalar
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Laçın
Bölgə Qarabağ
Kənd Kürdhacı, Şamkənd, Çorman, Şəlvə, Ələkçi, Ərikli
Toxunması haqqında məlumatlar
Üslubu Türkbaf ilmə toxunuşu
Digər məlumatlar
Sahəsi 200x121 sm-dən 248x155-dək[1]
Uzunluğu 2,0 m-dən 2,8 m-ə qədər[1]
Eni 1,21 m-dən 1,55 m-dək[1]
Material qoyun yunu
Düyünlərin sayı hər kvadrat metrdə 90 mindən 160 minədək ilmə (düyün)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVIII əsrdə Hacısamlı nahiyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalna xüsusi diqqət yetirilirdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmirtaxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

Qasımuşağı obasının Kürdhacı
kəndində toxunmuş "Ərəş kilim"
adlı xovsuz xalça.
Qasımuşağı obasının Ələkçi kəndində toxunmuş "İtli-atlı" adlı xovlu xalça.

XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər[3]. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin[4]) heç bir xəritədə qeyd edilməməsi olmuşdur.[5]

Qasımuşağı obasına daxil olan kəndlərdə qoyunçuluğun inkişafı ilə əlaqədar yun istehsalı geniş yayılmışdı. Zərif yunlar əsasən yun şal toxumağa seçilirdi. Yun darağı ilə daranan yun iplik edildikdən sonra istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, böcək, bitki kökləri və s.) vasitələrlə rənglənər, hanada toxunar və hətta kişilər üçün çöl və qış paltarları hazırlayırdılar. Yunun nisbətən qaba hissəsi xalça, palaz, gəbə, kilim, cecim, qəlib, nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), xurcun, heybə, örkən, şötük, sicim, çatı, gözək, əlcək və digər məişət əşyaları toxumaq və ya tikmək üçün ayrılırdı.

Qarabağ xalçaları iki əsas hissədə — dağlıq və aran hissədə istehsal olunurdu. XIX əsrdə dağlıq hissənin aparıcı istehsal məntəqələrindən biri olan Qasımuşağı obasının ərazisində qərar tutan kəndlər idi.[6] Burada toxuculuğun digər sahələri ilə yanaşı xalçaçılıq da güclü inkişaf etmişdir. Bu günə qədər qorunub saxlanan və XVII əsrin yadigarı olan "Qasımuşağı tikmələri",[7] "Qasımuşağı xalçaları"[1] Qasımuşağı obasında toxuculuğun və xalçaçılığın yüksək inkişafına ən yaxşı nümunədir.

Şamkənd, Kürdhacı, Çorman, Şəlvə kəndlərinin inzibati ərazi dairəsində yaşayan əhalinin adı ilə bağlanan bu tikmə və xalçalar ümumilikdə Qasımuşağı tayfasının adına uyğun adlandırılmışdır. Bu xalçanın toxunmasında isə bir-biri ilə yaxın qohumluq əlaqələri olan Qasımuşağı tayfasının, Qarabayramlı tayfasının, Əhməduşağı tayfasının çox böyük əməyi olmuşdur.

Qasımuşağı obasına daxil olan kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. Qasımuşağı xalçaları ilə yanaşı Azərbaycan xalçaçılıq məktəblərindən olan digər xalçaların bir çoxu Qasımuşağı obasında toxunurdu. Qasımuşağı xalçası yüksək keyfiyyətli, parlaq, yumuşaq, əl üsulu ilə əyrilən, təbii boyaqlarla boyadılmış yun iplərlə hanada toxunmuşdur.

"Qasımuşağı xalçaları"nın orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçaların mərkəzində haşiyələrlə əhatə olunmuş böyük göl (medalyon) yerləşir. Gölün ortasında dördguşəli xonça (medalyon) olur. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahədə yerləşən medalyonun dörd bir tərəfindən çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "buynuz" olur. Mərkəzi gölün (böyük gölün yuxarı və aşağı hissəsində) ətrafında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran "qollar" yerləşir.[8]

XIX əsrin sonlarında Qarabağda – Qasımuşağı obasında xalçaçılıq sənətində yeni süjetlər meydana gəldi. Belə xalçalara "Atlı-itli", "İtli-pişikli", "Maral-ceyran", "Qız" və digər bunlara bənzər çeşnilər aiddir. Bu tipli çeşnilər Rusiyanın manufaktura məhsullarının təsiri altında yaranmışdır. Bu xalçalarda, bir qayda olaraq, eyni səhnəcik və ya şəkil ritmik tərzdə bir neçə dəfə təkrar edilir.

Əsrlər boyu həyat tərzlərini və təsərrüfat fəaliyyətlərini nisbətən sabit, dəyişməz saxlayan, heyvandarlıqla məşğul olub yarıköçəri həyat tərzi sürən əhali tərəfindən hazırlanan toxuculuq məmulatlarının bədii xüsusiyyətləri, naxış və naxış kompozisiyaları, çeşniləri çox səthi dəyişikliklərə məruz qalmışdır.

Qasımuşağı xalçalarının çeşnisi
Qasımuşağı tikmələrindən köçürülmüşdür.
Qasımuşağı xalçalarının çeşnisi Qasımuşağı tikmələrindən köçürülmüşdür.
Qasımuşağı xalçalarının çeşnisi Qasımuşağı tikmələrindən köçürülmüşdür.

Qasım Hacı Sam oğlu XVIII əsrin ortalarında Qasımuşağı obasında yaşayan hörmətli şəxs olub. Binə qurub, yaşadığı obanın adını isə Qasımuşağı tayfasının adı ilə adlandırıb. Tayfanın ulu babası XV əsrdə yaşamış, əslən tanınmış soylardan olan İraq türkü, yəni kərküklü olan və özlərini "Təkə-türkman" adlandıran Abdulkərim kişinin oğlu Qasım (Qara Qasım) olmuşdur. Qasım Hacı Sam oğlu isə babasının adını əbədiləşdirmək üçün yaşadığı obanı Qasımuşağı obası adlandırmışdır.

Şamkənd, Kürdhacı, Çorman, Şəlvə kəndlərinin inzibati ərazi dairəsində və digər adı çəkilməyən kənd və şenliklərin sakinləri Qasımın törəməsi hesab edilirlər. Nəticədə onların məskunlaşdıqları ərazi ümumilikdə Qasımuşağı obası (Qasımuşağı dərəsi) adlandırıldı ki, bu da Qasımın uşaqları, Qasımın nəsilinin məskunlaşdığı yer mənasını daşıyır.[9] Elmi ədəbiyyatda və xalq içində Azərbaycan xalçaları ilk toxunduğu yaşayış yerinin (istehsal nöqtəsindən) adına uyğun olaraq adlandırılır. Qasımuşağı obasının kəndlərinin əhalisi tərəfindən toxunan və yerli əhali arasında əvvəlcə "Tikmə gəbə" (yaxud da "Tikmə xalça"), yaxud da "Ağqol gəbə" ("Ağqol xalça") adlandırlan xalçalar elmi ədəbiyyatda və dünyada "Qasımuşağı xalçası" kimi tanınmışdır.

Adətən çeşniyə əsasən xalçanın bədii tərtibatını müəyyənləşdirirlər. İlmə salma işi çeşni tətbiqi ilə eyni vaxta düşür. Belə ki, ilmələr çeşniyə əsasən salınır. Yəni çeşni ortalıqda yoxdursa, ilmə salmaq mümkün deyil.

Qasımuşağı xalçalarının çeşnisi xalq arasında cilalanmış, bəyənilmiş, şöhrət tapmış və xalqdan gələn bir çeşnidir.

"Qasımuşağı xalçaları"nın çeşnisi bir neçə əsr bundan əvvəl tikmə şəklində istifadə edilmiş, bir müddət sonra "Qasımuşağı tikmələri"nin çeşnisindən xalçalara köçürülmüşdür. Bu səbəbdən də yaşlı xalçaçılar və yerli əhali arasında bu xalçalar bu gün də "Tikmə gəbə" (yaxud da "Tikmə xalça") adlandırılır.

Orta sahənin aşağı və yuxarı yanlarından gölün kənarlarına doğru açılmış qola bənzər yerliyi ağ rəngli, yalnız bu xalçalar üçün səciyyəvi olan naxışlar — qollar toxunmuşdur. Bu qollar (naxışlar) quruluşuna görə "Qasımuşağı xalçası"nı xarakterizə edən digər naxış və simvollardan seçilir. Bu səbəbdən də bəzi sənətşünaslar, xalçaçılar, həmçinin yerli əhali arasında bu xalça "Ağqol gəbə" ("Ağqol xalça") kimi də tanınır.

Qasımuşağı xalçaları

"Qasımuşağı xalçaları"nda olan naxış və fiqurlar çox ustalıqla tərtib edilərək toxunmuşdur. Tünd qırmızı yerlikli orta sahəyə boş yer (sahə) saxlanılmadan naxış və fiqurlar toxunmuşdur.[10] Hər bir hissə öz formasına uyğun olan bədii şəkildə uyğunlaşdırılmış və yerində toxunmuş naxışlarla doldurulmuşdur. Hər bir motiv, naxış, fiqur və digər ornamentlərin ayrı-ayrılıqda və yaxud ümumilikdə xalçada yerləşdirilməsi xalçanın ümumi quruluşuna tabe edilmişdir.

"Qasımuşağı xalçaları"nın öz mürəkkəbliyi ilə seçilən orta sahə kompozisiyası müxtəlif detal və elementlərdən ibarətdir və bədii nöqteyi–nəzərdən çox orijinaldır. Kənarları haşiyələnmiş böyük mərkəzi göl, gölün orta hissəsində dördkünclü xonça (medalyon) xırda çiçək formalarıyla sıx naxışlı haşiyəylə dövrəyə alınmışdır.

Mərkəzi gölün içərisi müxtəlif naxış və detallar toxunmuş "böyük hörümçək" adlanan naxışla bəzədilmişdir. Ağ rəngli ipliklə toxunmuş hörümçəyin "qarmaqşəkilli buynuzları" da zərif ağ yunla toxunmuş, onlar yanlarından hər tərəfə çıxmaqla qara və ya göy ipliklərlə haşiyəyə alınmışdır. Hörümçəyin ağ bədəni tünd göy və qırmızı yundan müxtəlif qarmaqşəkilli elementlərdən təşkil edilmiş naxışla örtülmüşdür. Həmahəng ornament naxışına və mərkəzi medalyonun rəng izahına uyğun və medalyonun vertikal tərəflərini tutmuş zoomorfik (totemik) miflərə aid naxış — "qısqac" şəklində fiqurlar toxunmuşdur. Onların fonunun ağ rəngi hörümçəyin özünün ağ rəngli ipliklərlə toxunması ilə üst-üstə düşür, sanki, onlar medalyonu düşmənlərdən qoruyur.[11]

Ağ rəngli yerliyi olan qolların daxilində toxunmuş əjdahalar hörümçəyin motivlərinə uyğun şəkildə toxunmuşdur. "Qasımuşağı xalçaları"na məxsus əjdaha təsvirlərı Xətai-əjdahalı adlanan xalçalardan köçürülmüş və bu təsvirlər öz ilkin formasını zaman ötdükcə dəyişmişdir. Xalçanın hər küncündə toxunmuş naxışların çeşnisi isə bir-birinin eynidir.

Çox ustalıqla toxunmuş "Qasımuşağı xalçaları"nın haşiyələri müxtəlif motiv və ornamentlərlə toxunmuş naxış və zolaqlardan — əsasən də iki kiçik haşiyə və bir orta haşiyədən ibarətdir. Kiçik haşiyələrin əsas bəzəyini təşkil edən element bitki motivləridir. Yarpağa bənzər bu elementlər müxtəlif rəngli ipliklərlə toxunmuşdur.

"Qasımuşağı xalçaları" təkcə adıçəkilən ərazidə yox, Qarabağın bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçaçılıq məntəqələri arasında AğcabədidəŞuşada toxunan xalçalar keyfiyyət baxımından başqalarını xeyli üstələyirdi".[12]

Qasımuşağı xalçalarında simvolizm

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalçalarında rast gəlinən naxışların və simvolların hər birinin öz mənşəyi, mənası və yaranma səbəbi olduğu kimi "Qasımuşağı xalçaları"nda hər bir naxışın özünəməxsus mənası, adı və yaranma səbəbi olmuşdur. "Qasımuşağı xalçaları"nda bu xalçalara məxsus "S" hərfinə bənzər naxışlar xalçanın hər dörd küncündə aralıq sahədə yerləşdirilmişdir. "Əjdaha", "dovaq", "hərsin", "Qıvrım" ("qarmaqlı çiçək") motivləri, həmçinin digər naxışlar ustalıqla əvvəlcə "Qasımuşağı tikmələri"ndə, sonra isə "Qasımuşağı xalçaları"nda təsvir edilmişdir.

Xalçaçılıqda öz məzmun mahiyyətinə görə zoomorfik (totemik) miflərə aid naxışlar olduqca sadə quruluşa malik olur. Qasımuşağı xalçalarına məxsus zoomorfik naxışlar çox sadə mifik heyvan cizgilərilə təqdim olunmuşdur.[13] Bu naxışlardan ən əsası əjdaha təsviridir.

Əjdaha mənəviyyat və maddiyyat arasında münaqişə simvolu olmaqla bolluq rəmzi kimi, eləcə də evin, ailənin, qəbilənin qoruyucusu kimi tanınırdı. Eyni zamanda qədim dövrlərdə şər qüvvələrin rəmzi də sayılmışdır. İlk motiv Çin, Türküstan parçalarında meydana gəlib. Teymurilər, Türkmənlər və Səfəvi dövrlərinin rəssamları tərəfindən təsvir edilmişdir. XVI–XVII əsr Təbriz xalçalarında bu təsvirlər yeni üslubda əks olunmaqla yanaşı Qasımuşağı tikmələrində və "Qasımuşağı xalçaları"nda da təsvir edilmişdir.[14][15]

"Qasımuşağı xalçaları"nda zoomorfik miflərə aid olan motiv və naxışlarla yanaşı qadınların məişətdə istifadə etdikləri məişət əşyaları da simvollara çevrilərək xalçalara köçürülmüşdür. Xalçanın aşağı və yuxarı hissələrində, mərkəzi gölün ətrafında yerləşən bolluq, xeyir-bərəkət rəmzi olan dovaq, orta sahədə yerləşən medalyonun hər iki başlığına yerləşdirilmiş, paylaşmaq rəmzi olan ərsin olduqca gözəl, tərtibata uyğun şəkildə toxunmuşdur.[16]

Xalça sənətində qıraqları qarmaqlı olan naxış elementi qarmaqlı çiçəkdir. Bu naxışdan "Qasımuşağı xalçaları"nda yetərincə istifadə edilmişdir. Yerli əhali arasında bu naxışlar "qaynaq" adlanır. Bu cür "qarmaqlı" motivlərin (qaynaqların) semantik mənasına gəldikdə onlar daha çox qorunma ilə bağlıdır. Bu motivlər pis gözdən, bəd nəzərdən, bədxah ruhlardan qorunmaq mənası daşıyır.[17]

"Qasımuşağı xalçaları"nda geniş naxış müxtəlfliyi olması səbəbindən bəzəklərin bir hissəsi həndəsi naxışlardan ibarətdir. Ağ yerlikli xonçanın (medalyonun) tən ortasında səkkizguşəli ulduza bənzər qırmızı yerlikli həndəsi naxış işlənmişdir. Səkkizguşəli ulduzun ortasında altıbucaqlı həndəsi fiqur təsviri vardır.[18]

"Qasımuşağı xalçaları"nın kompozisiyasında bədii təsir gücünün artırılması, eyni zamanda ara sahələrdə boş yerin qalmaması məqsədilə eyni naxış elementləri kompozisiyada ritmik tərzdə bir neçə dəfə təkrarlanmışdır. Bu xalçalar özünün bütöv, tamamlanmış və sadə kompozisiya həlli ilə digər xalçalardan seçilir.

Yuxarıda adları çəkilən motiv və simvollar "Qasımuşağı xalçaları"nı xarakterizə edən naxışlardan yalnız bir qismidir. Qasımuşağı obasının əhalisinin inanclarını, tarixini, milli mənşəyini və estetik duyumunu xarakterizə edən bu naxış və simvollar təkrarolunmaz, eləcə də yaddaqalma xüsusiyyətləri ilə ənənələri qoruyan bir xəzinədir.[19]

Qasımuşağı xalçalarında istifadə edilən ipliklərin rəngi

[redaktə | mənbəni redaktə et]
Toxuculuq alətləri

Xalçaçılıq sənətində rənglərdən istifadə olunmasının xüsusi qanunauyğunluqları var. Xalçalarda istifadə edilən rənglər təkcə rəngarənglik, göz oxşamaq üçün deyil. Onlar eyni zamanda insanların sağlamlığına, əfval-ruhiyyəsinə də təsir edir. Təbiətin yaratdığı müxtəlif rənglər arasında uyarlıq, uyğunluq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir.

Minlərlə gül, çiçək, ot, kol, ağac növlərinin mövcud olduğu Qasımuşağı obasında toxunan "Qasımuşağı xalçaları"nın çeşnisi bir neçə rəngdən ibarət olsa da, onların bir-birinə uyğunluğu çox ustalıqla və olduqca düzgün seçilmişdir.

Qasımuşağı obasına daxil olan kəndlərdə bütün ipliklər (yun, ipək və pambıq) boyanmadan öncə aşqarlamaq üçün qatılaşdırılmış turş alça lavaşasının məhluluna salınırdı. Turş qatı maddə (alça, zoğal suyu) olmadıqda ayrandan istifadə olunardı. Bununla rəngin keyfiyyətli alınmasına zəmanət verilirdi.

Boyanmış iplərin rənglərini tündləşdirmək, möhkəmləndirmək və açmaq üçün kül suyundan, isidilmiş heyvan sidiyindən istifadə olunurdu. Bu proses boyama işində rənglərin möhkəmləndirilməsi prosesidir.

Klassik "Qasımuşağı xalçaları"nda əsasən , tünd qırmızı, yaşıl, qara, sürməyi, sarıqəhvəyi rəngli ipliklərdən istifadə edilmişdir.

Ağ rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalçaçılıq və xalça məmulatlarında (corab, şal və s.) sadə ağ rəng digər rənglərə nisbətən çox az işlədilsə də, Qasımuşağı obasında bu rəngə daha çox üstünlük verilmişdir. "Qasımuşağı xalçaları"nın toxunuşunda istifadə edilən ağ rəng digər tünd rənglərlə birlikdə xalçanın görünüşünü daha da baxımlı edir, cazibədarlığı artırır. Bütün rənglərin sintezini təşkil edən, ideal rəng hesab olunan ağ rəng bəzən ölümü simvolizə etsə də, özündə bir neçə məna cəmləşdirir. Bu rəng eyni zamanda təmizliyə, saflığa, sabitliyə, davamlılığa, cavanlığa işarədir. Ağ rəngli iplik almaq üçün əsasən xüsusi olaraq seçilmiş təbii rəngli ağ yun iplikdən istifadə edilir. Təbii rəngli, sarımtıl ipliklər ağardıldıqda rəng açılır, lakin tamamilə ağ olmur. Yunu ağartmaq üçün onu yaxşıca aşqarlamaq (əsas halda əhəng suyunda) lazımdır.

Qırmızı rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Digər Şərq xalqları kimi azərbaycanlıların da qırmızı rəngdən daha çox istifadə etməsi diqqət çəkən ünsürlərdəndir. Müxtəlif xalqlarda qırmızı rəng magik qoruyucudur, lakin Qasımuşağı obasında qırmızı rəng yalnız totem deyil, həm də bütövlükdə burada yaşayan insanların həyatını əks etdirir[20]. Yaxın keçmişə qədər Qasımuşağı obasında qız ata evindən gəlin köçərkən başdan ayağa qırmızı geyinər, qardaşı gəlinin belinə qırmızı bafta bağlayar, ata evindən üzünə qırmızı yaylıq atılaraq çıxarardılar, qırmızı gərdək tutulardı. Qasımuşağı xalçasında qırmızı rəng sarı, ağ, sürməyi (göy) və qara ilə daha çox uyğunlaşdığından xalçanın yerliyinin toxunuşu zamanı tünd qırmızı rəngli yun ipliklərdən istifadə edilmişdir.[21]

Canlılıq və dinamizmlə əlaqədar bir rəng olan qırmızı rəng xoşbəxtliyi təmsil etməklə yanaşı fiziki olaraq cavanlığı və canlılığı, romantik məzmunda isə bir işi sonuna qədər aparan əzmi və dayanıqlılığı göstərir.

İp yumaqları

Qırmızı rəngli iplik almaq üçün əsasən boyaqotundan (bəzən qızıl boya adlandırılır) istifadə edilərdi. Kökləri boyayıcı xüsusiyyətə malik çoxillik bitki olan boyaqotu müxtəlif rəng çalarları alınma imkanına və uzun müddət boyaların davamlılığına görə digərlərindən fərqlənir. Eyni zamanda qırmızı rəng almaq üçün koşenilin (koşenil yastıcası) boyaq maddəsindən istifadə edilərdi. Boyaqotu ilə koşenilin boyaq maddəsi birlikdə istifadə edildikdə parlaqlıq daha da artardı.[22]

Yaşıl rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Təbiətin və baharın rəngi olan yaşıl rəng sakitləşdirici, təravətli, incə, canlı, dolğun bir rəng olmaqla bərabər insanda etimad və inam hissi oyadır. Qasımuşağı xalçalarında yaşıl rəngli iplikdən əsasən xalçaların küncünə yerləşdirilmiş "kətəbə"lərdə, "dovaq", "qol" adlanan naxışlarda istifadə edilmişdir. Qasımuşağı xalçalarında istifadə edilən bu rəngi əldə etmək üçün sarı rəngə boyanmış kələfi kəndalaşın yetişmiş meyvələrindən alınan boyaq məhlulunda yenidən qaynatmaqla əldə edirdilər. İstənilən rəng (tünd) alınmadıqda boyama təkrarlanırdı.

Qara rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Qasımuşağı xalçalarında istifadə edilən qara rəng ağ rənglə birlikdə istifadə edildiyində son dərəcə diqqət çəkicidir. Qarabağ xalçaçılıq məktəbinə məxsus xalçalarda qara rəng az işlədilir, əsasən haşiyələrdə və güllərin "sayası"na sərf edilir. Tam fərqli olaraq "Qasımuşağı xalçaları"nda əsas yerlik ilk baxışdan bədbinliyi təmsil edən, ağ rəngin əksi olan qara rəngdə verilmiş və bu torpağa, yerə, vətənə məhəbbət işarəsidir. Dəb baxımından hər zaman dəbdə qalan qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir. Bu rəng güc və qüvvət, eyni zamanda inadkarlığın simvolu hesab edilir.

Qara rəngli iplik əldə etmək üçün bir neçə üsul mövcud olsa da, əsas halda palıd ağacının qabığını ip ilə birlikdə tünd qəhvəyi (palıdı, şabalıdı) rəng alınana qədər qaynadar, sonra kələfi qabdan çıxarar, kələfi və qabı palıd qabığından tam təmizləyərdilər. Yerdə qalan məhlula qara palçıq (zağ) əlavə edib qaynadılardı. Bu propses tünd qara rəng əldə edilənə qədər davam edərdi.[23] Qeyd edək ki, palçıq (zağ) Qasımuşağı obasının hər kəndin özündə müəyyən edilmiş xüsusi ərazilərdən götürülürdü. Kürdhacı kəndində Göl, Qarapalçıq kimi ərazilər buna misal ola bilər.

Sürməyi rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Kosmik rəng olan, səmanı, geniş üfüqləri, sonsuzluğu, nüfuzu, məhsuldarlığı, ifadə edən sürməyi (göy) rəngin insanı sonsuz xəyallar aləminə aparması, həmişə rahatlıq və sakitlik verdiyi söylənilir. Qasımuşağı xalçalarının haşiyə, kətəbə, qıvrım, ərsin və digər naxış və hissələrində yetərincə istifadə edilən göy rəng sakitlik əmələ gətir, göz (nəzər) muncuqlarını əvəz edir. Klassik Qasımuşağı xalçalarında bəzən əsas yerlik məhz sürməyi olardı. Sürməyi (göy) rəngi almaq üçün müxtəlif rənglərin qarışığından istifadə edilirdi.

Sarı rəngli iplik

[redaktə | mənbəni redaktə et]
Boyanmış iplik kələflər

Qasımuşağı xalçalarında yetərincə istifadə edilən sarı rəng diqqət çəkiciliyi və tez bir zamanda ayırd edilə bilməsi xüsusiyyətləri ilə idealdır. Ən çox keçici və diqqət cəlb edən sarı rəng zəka, incəlik, xoş hisslər yaradır və hərəkətin, sevincin simvolu olmaqla yanaşı payızın bütün qəmli gözəlliyinidə təmsil edir.

Sarı rəngli iplik almaq üçün öncə xüsusi olaraq seçilmiş ağ yun iplikdən istifadə edilir. Boyaq maddəsi kimi obanın ərazisində bitən mçüxtəlif ağac, kol və bitkilərin kök, gövdə, budaq və yarpaqlarından istifadə edilirdi. Əsasən cır alma ağacının qabığından, zirinc kolunun kökündən, qantəpər, baldırğan, andız və digər bitkilərin kök və yer üstü hissələrindən istifadə edilərdi. Sarı rəng yun ipliklərdən bir çox hallarda digər rəngli yun ipliklər almaq üçün istifadə olunduğundan boyaqçılıqda sarı rəng böyük əhəmiyyətə malikdir.

Qəhvəyi rəngli iplik

[redaktə | mənbəni redaktə et]

Qasımuşağı xalçalarında əsasən naxışların yerliyini və eləcədə naxışların bəzədilməsində qəhvəyi (palıdı, şabalıdı) rəngli ipliklərdən istifadə edilmişdir. Qəhvəyi rəng mütəxəssislər tərəfindən insana rahatlıq gətirən rəng kimi qəbul edilib. Bu rəng diqqət cəlb etməyib sakitliyi təmsil etməklə yanaşı qarşınızdakı insanın özünü sərbəst, rəsmiyyətdən uzaq hiss etməsinə imkan verir.[24]

Qəhvəyi rəngin çalarlarını almaq üçün Azərbaycan ərazisində xüsusi boyaq bitkisi çox az olduğundan onu müxtəlif boyayıcı maddələri bir-birinə qarışdırmaqla əldə edirdilər. Digər ərazilərdən fərqli olaraq Qasımuşağı obasının ərazisində bitən və adı Qırmızı Kitaba düşmüş qırmızı palıd və ya adi palıd ağacı bu sahədə əvəz edilməz idi. Bu rəngi əldə etmək üçün əsasən qurudulmuş palıd ağacının, bəzən qoz ağacının qabığından (təsadüfü hallarda qoz qərzəyindən) istifadə edilərdi. Qəhvəyi (palıdı, şabalıdı) rəngli iplik almaq üçün xammal kimi ağ və yaxud boz yun iplik götürülərdi. Palıd ağacının qabığı 4–6 saat qaynadılır, soyudulduqdan sonra qabıqlar bir xeyli əzilir, aşqarlanmış kələf həmin məhlulda qaynadılır. İstənilən rəng çaları alındıqdan sonra kələf qurudulur və mal sidiyində bərkidilərdi.

Göründüyü kimi klassik Qasımuşağı xalçalarının toxunması zamanı ipləri boyamaq üçün istifadə edilən boyaqların (cövhərin) əsasını təbii boyaqlar (rənglər) təşkil edirdi. Lakin son yüz ilə yaxın bir vaxt ərzində, süni boyaqların – alizarin və anilin maddələrinin kəşfindən bir müddət sonra Qasımuşağı obasında boyaqçılıq işləri təbbi boyaqlarla deyil, asanlıqla yerinə yetirilən süni boyama vasitələri ilə boyanmağa başladı.

Ümumiyyətlə, orta sahənin fonuna qara məxməri, tünd göy rənglər xüsusilə hakim kəsilərək yunun təbii rəngindən əldə edilmiş ağ rənglə (bəzən açıq krem və boz çalarlı rənglə) tamamlanmışdır. Tünd qırmızı və qırmızı rəngli ipliyin çox işlədilməsi xalçanın bütün rəng çalarına xüsusi bir görkəm verməklə yanaşı digər rənglərlə tam səsləşir.[25]

Strukturu və texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Qasımuşağı xalçaları" əsasən kiçik və orta ölçülü olurlar. Buna baxmayaraq bəzən daha böyük formatlı xalçalar da toxunurdu.[26]

"Qasımuşağı xalçaları"nın toxunuşu zamanı ilmələr simmetrik üsulla toxunmuşdur. "Qasımuşağı xalçaları"nın toxunuşu zamanı ümumiyyətlə ilmənin xammalı yun ipliklərdən istifadə edilmişdir.

Xalçanın toxunuşunda istifadə edilən əriş dörd qat, hər qatda iki iplik olmaqla qalın və möhkəm tovlanmış ağ rəngli iplikdən ibarətdir. Əriş ipliklər əsasən yun ipdən olur; əgər xalçanın sıxlığı yüksək, yəni hər desimetrə düşən ilmələrin sayı çox olmalıdırsa, o zaman qalın və yaxşı tovlanmış iplikdən istifadə olunur. Bəzən desimetrə düşən ilmələrin sayından asılı olmayaraq xalçanın ölçüsü böyük olduğu halda da ərişin toxuma zamanı qırılmaması xatirinə möhkəm və davamlı olmasına xüsusi diqqət yetirilir.

"Qasımuşağı xalçaları" əsasən iki-arğaclı xalçalarla təmsil olunur. Altdakı arğac — yoğun, üstdəki arğac isə — nazik olur. İki növ yerliyə uyğun qırmızı rəngli yun iplikdən hazırlanmış arğacdan:

  1. İki qat düz, yaxudda çəkə, həmçinin nazik və tovlanmış arğac;
  2. İki qat ziqzaq, yaxudda tökə, həmçinin qalın arğacdan istifadə edilmişdir.

Klassik "Qasımuşağı xalçaları"ndan fərqli olaraq müasir xalçalarda, xüsusilə də XX əsrin 70-ci illərindən etibarən yundan əlavə pambıq (əsasəndə əriş və arğac) və eləcədə müasir maşın istehsalı olan xalçalarda xammal kimi sintetik iplərdən də istifadə edilir. Pambıq və sintetik iplikdən istifadə edilərkən xalçaların toxunma keyfiyyəti aşağı düşür.

"Qasımuşağı xalçaları"nda şirazəni əsasən iş üstündə, bəzən xalça toxuma dəzgahından yerə salındıqdan sonra hazırlanar, təsadüfi hallarda isə bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolayardılar. Şirazələr adətən xalçanın yerliyinə istifadə edilən qırmızı rəngli ipliklərlə, bəzən iki rəng iplikdən — qırmızıqara rəngli ipliklərdən, təsadüfi hallarda isə müxtəlif rəngli (qırmızı, qara, sürməyi rəngli) ipliklərdən istifadə edilməklə sarınardı. Xalçanın kənarlarını (qıraqlarını) hörmək üçün istifadə edilə iplik adətən dörd ədəd (iki qoşa) yun iplikdən ibarət olur.

Saçaqlar xalçada istifadə edilmiş ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur. Saçaqları yuxarıda 15 sm, aşağıda (sonda) 9 sm-lik ağ yun ipliklə hörülmüşdür.

"Qasımuşağı xalçaları"nda naxışların forması (Shapes) girdə (yuvarlaq), dördbucaqlı, kvadrat, altıbucaqlı, səkkizbucaqlı və bu xalçanın özünəməxsus digər həndəsi formalı naxışlarla bəzədilmişdir.

"Qasımuşağı xalçaları"nı toxumaq üçün dəzgah şaquli şəkildə ağacdan yerli əhali tərəfindən hazırlanırdı. 1980-ci illərdə Qasımuşağı obasında artıq metal toxucu dəzgahlardan istifadə edilirdi.

"Qasımuşağı xalçaları"nın ümumi sahəsi 228x155 sm və daha çox, arasahənin ölçüsü təxminən 200x121 sm-dir. Haşiyələrin ölçüləri isə yanlarda 15–17 sm, yuxarı və aşağı hissədə 17–18 sm-dir

İlmələrin (düyünlərin) sıxlığı: hər kvadratdesimetrdə 30X30-dan 40X40-dək ilmə (düyün) yerləşir (hər kvadratmetrdə 90 000-dən 160 000-dək ilmə (düyün)). Xovun uzunluğu 7–10 mm, bəzən 12 mm-ə çatır.

"Qasımuşağı xalçaları"nda ilmələrin sıxlığının az, xovunun hündür olması onları Qarabağ xalçaçılıq məktəbinin digər xalçalarından yumşaq və yüngül olmaları ilə fərqləndirir. Xanlıq, Bəhmənli, QaraqoyunluTalış xalçalarının çeşniləridə bu xüsusiyyətə malikdir.[27]

"Qasımuşağı xalçası" Qarabağ xalçaçılıq məktəbinin ən yaxşı xalçalarından biri hesab olunur.

Qasımuşağı xalçası poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalçaçılıq məktəblərinə aid olan Qarabağ xalçaçılıq məktəbinin xalçaları ilə yanaşı digər xalçaçılıq məktəblərinə məxsus xalçaları ermənilər müxtəlif üsullarla əldə edərək bir çox sərgi və muzeylərdə onları erməni xalçası kimi tanıtmaqla məşğuldurlar.

Ermənistan Respublikası tərəfindən 2006-cı ildə üzərində Qarabağ xalçalarının təsviri olan bir neçə poçt markası çap edildi. Bu poçt markalarından birinin dizayneri Albert Keçyan və Eduard Kurginyan olan poçt markasıdır ki, həmin poçt markası üzərində təsviri verilmiş xalça isə Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça — "Qasımuşağı xalçası"dır. Xalça haqqında verilən qısa məlumatdan aydın olur ki, xalça təbii boyalarla boyanmış ipliklərlə toxunmuş, daha çox narıncı (turuncu) rəngdən istifadə edilmişdir. Ermənilər tərəfindən dəqiq istehsal məntəqəsi qeyd edilməyən və guya böyük coğrafi ərazilərdə (30-a yaxın yaşayış məntəqəsində) toxunduğu qeyd edilən dekorativ-tətbiqi incəsənət əsəri olan bu qədim əjdahalı xalça "Qasımuşağı xalçası" adı ilə deyil, qəsdən ermənilər tərəfindən ermənistan xalçası kimi göstərilmişdir. Qeyd etmək lazımdır ki, dəyəri 60 dram olan poçt markası 24,99×42.00 mm ölçüdə olmaqla çap edilmişdir.[28]

2007-ci ildə Praqa şəhərində keçirilən Qafqaz xalçalarının sərgisində iştirak edən çexiyalılar Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin bir neçə xalçası ilə tanış olurlar.[29] Bir müddət sonra Çexiyada üzərində Azərbaycan xalçalarının təsviri olan poçt markaları istehsal edilir. Poçt markalarının üzərində XIX əsrə aid Qarabağ xalçaları verilimişdir.[30]

2010-cu ildə Çex Respublikasında istehsal ounan Poçt markaları üzərində təsvir edilən xalçalardan biri "Qasımuşağı xalçası" XIX əsrə aid olmaqla digər Qarabağ xalçaları kimi parlaq rəngləri ilə seçilir, mərkəzində geometrik formalı fiqur yerləşir, kənarlarına tipik güllü haşiyə toxunmuşdur. Xalçanın toxunuşunda yalnız yun ipliklərdən istifadə edilmişdir. Qiyməti 21 çex kronu olan poçt markası bir səhifədə 4 ədəd marka, hər marka 40×50 mm ölçüdə olmaqla çap edilmişdir.[31]

Qasımuşağı xalçası digər xalqların xalçası kimi nümayiş etdirilir

[redaktə | mənbəni redaktə et]
Qasımuşağı xalçası Ermənistan poçt markasında.

XIX əsrin ortalarından başlayaraq şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqları ilə əlaqədar Avropada xalçaçılıq sənətini araşdırmağa başladılar. XIX əsrin sonunda və XX əsrin başlanğıcında Avropalı şərqşünas müəlliflərin müxtəlif məqalə və mətnləri işıq üzü görməyə başladı. Ancaq göstərilən müəlliflər incəsənətin xalçaçılıq nümunələrini yaratmış xalqların tarixini pis bilir, xalçaların müəllifləri, onları toxuyanlar haqqında, xalça məmulatlarının istehsal texnikasından olduqca səthi xəbərdar idilər. Bu səbəbdən də bəzən xalçaların istehsal yerlərinin adını, hətta xalçaların adlarını səhv adlandırırdılar.[32]

Bütün avropalı müəlliflər, ayrı-ayrı xalça qrupları arasında fərqlər qoymadan, azərbaycan, dağıstanerməni xalçalarını ümumi bir qrupda – "Zaqafqaziya xalçaları" və yaxud da "Qafqaz xalçaları" adlı bir qrupda birləşdirirdilər.[33][34] Hətta müasir dövrdə Azərbaycanda toxunan Azərbaycanın milli xalça növlərindən olan və hal-hazırda da Azərbaycanda toxunan xalçalar xarici muzey, sərgi, mağazabazarlara Ermənistan xalçası adı ilə çıxarılır.[35]

"Qasımuşağı xalçaları"da belə xalçalardan biri olmaqla digər xalqların (əsasən erməni, bəzən, gürcü, İran və ya da kürd) xalçası kimi nümayiş etdirilməklə yanaşı mağaza və bazarlara satışa məhz başqa adlarla çıxarılır.[36][37][38][39][40]

Qarabağ xalçaçılıq məktəbinə aid edilən xalçaların bəzi naxışları Təbriz xalçaçılıq məktəbinə aid edilən xalçaların naxışları ilə müəyyən dərəcədə oxşarlıq təşkil edir. "Qoca xalçaları", "Açma-yumma xalçaları", "Balıq xalçaları" və digər xalçalar buna bariz nümunədir. Belə xalçalardan biridə "Qasımuşağı xalçaları"dır. Bu səbəbdən də "Qasımuşağı xalçaları"na məxsus əjdaha təsvirlərı Xətai-əjdahalı adlanan xalçaların naxışları ilə müəyyən qədər oxşardır. Bu təsvirlər öz ilkin formasını zaman ötdükcə dəyişmişdir.[41][42][43]

Qasımuşağı xalçalarının müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində yerləşən bütün kəndlərin ərazisi 1992-ci il 18 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi.[44][45] Bununla da bu ərazilərdə "Qasımuşağı xalçaları"nın toxunmasına (istehsalına) son qoyulmuş oldu. Əvəzində isə işğal olunmuş ərazilərdə ermənilər tərəfindən aparılan qarət nəticəsində əldə edlmiş digər Azərbaycan xalçaları ilə yanaşı "Qasımuşağı xalçaları"nıda ermənilər muzeysərgilərdə "Ermənistan xalıçası" kimi təqdim edirlər.[46][47][48][49]

Qasımuşağı obasının əhalisi Azərbaycan Respublikasının bir çox rayonobalarına məcburi köçkün düşmüşdür. Hal-hazırda bəzi ailələr öz kəndi əlləri ilə toxuduğu "Qasımuşağı xalçaları"nı öz şəxsi evlərində (şəxsi kolleksiyalarında) qoruyub saxlayırlar.

Azərbaycan Respublikasının bir çox bölgələrində təşkil edilmiş birlik, təşkilat və həmçinin kiçik sexlərdə "Qasımuşağı xalçaları"nın istehsalı davam etdirilir.[50]

Muzey və şəxsi kolleksiyalarda

[redaktə | mənbəni redaktə et]

Müxtəlif dövrlərdə Qasımuşağı obasının ərazisində yerləşən kəndlərdə toxunmuş Qasımuşağı xalçaları dünyanın müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Respublikasının ərazisində isə Naxçıvan Dövlət Xalça Muzeyində,[51] Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində,[52] Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialında[53] və digər tarix muzeylərində nadir eksponatlardandır.

Təkcə Qasımuşağı obasının ərazisində yerləşən xalçaçılıq məntəqələrində deyil, Qarabağın bütün xalçaçılıq məntəqələrində istehsal edilmiş Qasımuşağı xalçaları muzeylərlə yanaşı müxtəlif şəxslər tərəfindən istər xarici ölkələrdə, istər də Azərbaycanda, eləcə də Qasımuşağı obasının sakinlərinin şəxsi kolleksiyalarında müasir dövrə qədər qorunub saxlanılır.[54]

  1. 1 2 3 4 5 "Qasımuşağı xalçaları". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  2. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh.10.
  3. "Где Касим Ушак". 2016-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  4. "İnzibati ərazi dairələri". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  5. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh.7.
  6. "Azərbaycan xalçası (biblioqrafiya), Tərtibçi-müəllif: Kərim Tahirov. M. F. Axundov adına Milli Kitabxana. Bakı: 2012, səh. 22" (PDF). 2022-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-01-02.
  7. ""Qasımuşağı tikmələri". 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  8. Qarabağ xalçaları [ölü keçid]
  9. Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 221. (rus.)  (ing.)
  10. "Н. А. Абдуллаева. Ковровое искусство Азербайджана. Баку: "Элм", 1971, стр.21" (PDF). 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  11. Лятиф Керимов. Азербайджанский ковер. Том III. Баку: "Гянджлик", 1983, стр. 222–223. (rus.)  (ing.)
  12. ""Qasımuşağı xalçası"". 2011-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  13. "Qarabağ xalçaları". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  14. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyi. Təsviri və dekorativ-tətbiqi sənət məsələləri. Bakı: № 1, 2009, səh. 77" (PDF). 2021-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-12-27.
  15. Видади Мурадов. Ковры. [ölü keçid] (rus.)
  16. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh. 14.
  17. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyi. Təsviri və dekorativ-tətbiqi sənət məsələləri. Bakı: № 1, 2009, səh. 73" (PDF). 2021-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-12-27.
  18. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh. 13.
  19. "Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 4 (7), 2012, səh.14.
  20. "Fransalı qonaq". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26.
  21. "Hansı rənglər uyğunlaşır". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26.
  22. Исаев М. Д. Научно-исследовательский институт кавказоведения Академии наук СССР. И Управление народно-хозйственного учета ЗСФСР. Тифлис: 1932, стр. 63.
  23. Исаев М. Д. Научно-исследовательский институт кавказоведения Академии наук СССР. И Управление народно-хозйственного учета ЗСФСР. Тифлис-1932. стр. 85.
  24. "Rəng nədir?". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26.
  25. "Н. А. Абдуллаева, Коврово искусства Азербайджана. Издательства "Элм", Баку-1971, стр.20–21" (PDF). 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  26. "Ковры Касим Ушак". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-27.
  27. Xalçaçılıq sənəti [ölü keçid]
  28. "Qasımuşağı xalçaları poçt markalarında". 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-22.
  29. "Çexiya markasında". 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  30. "Stamps issued with CZ008.10". 2013-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  31. "Czech Post". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  32. "Transcaucasian Carpets Kasim Ushag". 2010-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  33. "Н. А. Абдуллаева, Коврово искусства Азербайджана. Издательства "Элм", Баку-1971, стр.4" (PDF). 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  34. "Azərilmə" müxtəlif yollarla xaricə aparılmış xalçalarımızın təkrar nüsxələrini toxuyur [ölü keçid]
  35. Azərbaycan xalçaları ABŞ-də erməni xalçaları adı ilə təqdim olunur [ölü keçid]
  36. "Ermənilər Azərbaycan xalçalarını Şuşada muzeyə çıxardı". 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-19.
  37. "Azərbaycan və Təbriz xalçaları erməni xalçaları kimi". 2010-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  38. Çinlilər xalçalarımızı saxtalaşdırır [ölü keçid]
  39. "М. Д. Исаев". 2009-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  40. "Erməni saxtakarlığının ifşası". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  41. "Ковры Карабахской школы". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-05.
  42. "Ermənilərin "əjdahalı xalçalar" haqqında əfsanələri". 2012-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  43. "Azərbaycan xalçaçılıq ənənələri necə oğurlanıb?". 2011-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-05.
  44. "Laçının işğalından 18 il keçir". 2011-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-19.
  45. "Laçın rayonunun Ermənistan tərəfindən işğalı". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-19.
  46. "Ermənilər taladıqları Qarabağ xalçalarını Şuşada muzeyə çıxardı". 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-19.
  47. "Karabagh Rug". 2010-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  48. "Vishapagorg". 2011-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-02.
  49. В мире нет понятия "армянский ковер" Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine (rus.)
  50. "Qarabağ xalçası toxumaq üçün sexlər yaradılacaq". 2011-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-19.
  51. "Naxçıvan Dövlət Xalça Muzeyi". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-04.
  52. "Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-04.
  53. "Xalça Muzeyində "Şuşanın sənət inciləri"". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-04.
  54. "Laçın yurdu", № 1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı. səh.17.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]