Ulduzlu xalçaları

Ulduzlu" xalçaları ilk öncə Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rənglərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu" motivində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məskunlaşdığı yerlərdə məhdud sayda toxunub.

Xalça
Ulduzlu xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Qazax
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Üslubu Qazax xalçaçılıq məktəbi
Digər məlumatlar
Material Yun

Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur.

Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu" xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub.

"Ulduzlu" çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub. Muxaxda toxunan "Ulduzlu" çeşnili xalçalar türk-səlcuq, Carda toxunan xalçalar isə təkarğac texnologiyası ilə toxunmuşdur. Bu xalçaların az sayda olması onların unikallığını, bədii-tarixi əhəmiyyətini artırır və kompozisiya həllinə görə dünya sənətşünasları tərəfindən yüksək qiymətləndirilir. Daş sənduqə və onun üzərində olan təsvir, yazı, həmçinin bu xalça Urud kəndində yaşayan azərbaycanlıların qədim mədəniyyətindən, xalçaçılıq ənənəsindən xəbər verir.