Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü.
Xalça | |
Naxçıvan xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Qarabağ xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qarabağ xalçaçılıq məktəbi[1] |
Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi.
XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir.[2] Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur. Naxçıvanda, həmçinin, nəfis zili, şəddə, vərni, kilim və s. kimi xalça növləri toxunurdu. Mütəxəssislərin fikrincə, şəddə və vərni istehsalının mənşəyi elə Naxçıvanın özünə məxsus olmuş, sonra zaman keçdikcə buradan başqa yerlərə yayılmışdır.
Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" müxtəlif naxışlı xalçalardır və onlar birlikdə "Naxçıvan xalçaları" adını almışlar.[3] "Naxçıvan xalçaları" bədii və texnoloji xüsusiyyətlərinə görə, onları iki qrupa bölmək olar.
Bu qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi – nəzərdən mükəmməlləşmiş, onların çalarları daha da gözəlləşmişdir. Onların təsviri çox orijinaldır. Orta sahə zərif zolaqlardan – mədaxildən ibarətdir ki, bu da orta əsrlərin kətan parçalarını xatırladır. Fərz etmək olar ki, bu xalçalar vaxtilə Naxçıvanda istehsal olunan parçaların naxışlarından iqtibas etmişdir. Qeyd edilməlidir ki, zolaq naxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir. X əsrdə Naxçıvanda çox məşhur olan tesmalar istehsal olunurdu. Onun bədii quruluşunu zolaqlar təşkil edirdi.
"Naxçıvan xalçaları"nın ikinci qrupuna XVII – XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda "Türk və İslam əsərləri muzeyi"ndə saxlanılır. Bu xalçalar xalçaçılıq texnikasını çox yaxşı bilən peşəkar rəssamların eskizləri əsasında XIV – XVI əsrlərdə toxunmuşdur. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olmuşdur.
"Naxçıvan xalçaları" adını daşıyan xalça və xalılar uzunsov formada daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur. Nadir hallarda daha hamar xalçalara da rast gəlmək olar.
"Naxçıvan xalçaları"nın ölçüləri 100X150 sm-dən 160X260 sm-ə qədər ölçülər arasında dəyişir.
"Naxçıvan xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı təxminən 35X35 ilmə (düyün)yerləşir. Bir kvadrat metrdə isə 122 min ilməyə təsadüf edilir.[4]
"Naxçıvan xalçaları"nda xovun hündürlüyü 6–8 mm-dir.
"Naxçıvan xalçaları" hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilir.
Zili isə Naxçıvanda toxunulan ən qədim xalça növlərindən biri hesab olunur. Özünün rəngarəngliyi ilə seçilən Naxçıvan xalçaları orta əsrlərin sonuna doğru artıq Avropa ölkələrinə də aparılırdı. Naxçıvanda kilimlər məişətdə çox geniş istifadə olunmuşdur. Naxçıvan kilimləri istər rənglərinə, istərsə də bədii xüsusiyyətinə görə Qarabağ kilimlərinə çox oxşasa da, bəzi özünəməxsusluqları ilə fərqlənirlər. Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri şəddə və vərniyə nisbətən daha çox təkmilləşmişdir. Dağlıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu, məfrəş, xurcun, heybə, duzqabı, qaşıqdan kimi məişət əşyaları da çox toxunmuşdur. Qeyd edək ki, Naxçıvan xalçalarında digər bölgələrin xalçaları ilə müqayisədə ilmə sıxlığı o qədər də çox deyil, 35x35 və ya 40x40-dır. Amma sıxlığının az olmasına baxmayaraq, xalçalarımız davamlı olur.
Naxçıvan xalçalarının bir fərqləndirici cəhəti də onların uzunsov toxunmasıdır. Xalçalarımızın naxış baxımından digər bölgələrin xalçalarından xüsusi bir fərqi yoxdur. Xalçaların toxunuşunda daha çox həndəsi naxışlar, antropomorf, zoomorf, nəbati naxışlardan istifadə edilib. Amma Naxçıvan xalçalarının başlıca xüsusiyyəti onların üstündəki ensiz zolaqlardır. Bu zolaqlar mədaxilləri təşkil edir. Naxçıvan xalçaları bir sıra alim və tədqiqatçılar- Anaxanım Əliyeva, Kubra Əliyeva, Röya Tağıyeva, Lətif Kərimov, Rasim Əfəndiyev və b. tərəfindən də araşdırılmışdır.
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalçalar öz bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir . Naxçıvanda xalçalar iki yolla toxunurdu:1. Şəhər və kənd evlərində qadınlar tərəfindən toxunan xalçalar.2. Mərkəzdə-emalatxanalarda çeşni əsasında toxunan xalçalar (Bu xalçaların əksəriyyəti Təbriz və Qarabağdan gətirilmiş çeşnilər əsasında toxunmuşdur). Xalçaçılıq sənətinin Naxçıvanda inkişafı haqqında sənətşünas L. Kərimov yazır ki, Naxçıvanda bir-birindən rəngarəng palaz, cecim, xalı toxunmuşdur. Naxçıvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.), və xovsuz (palaz, kilim, cecim, zili, şəddə və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçaların üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar, çox zaman onun toxunma ili və toxuyanın adı öz əksini tapırdı. Naxçıvanın zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Aləlvan rənglər bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır. Xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən qurulmuşdur. Xalçalarda təsvir edilən bəzək elementlərinə digər maddi mədəniyyət nümunələri üzərindəki təsvirlərdə də təsadüf edilir.[5] Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış çərxi-fələk (dörd ünsür) təsvirinə e.ə. II–I minilliklərə aid maddi-mədəniyyət abidələri üzərində də təsadüf edilirdi. Çərxi-fələk adətən iri ölçülü medalyonların mərkəzində təsvir olunur. XVII–XVIII əsrlərdə Azərbaycanda yaranan bir neçə xalçaçılıq məktəbinin inkişafı Naxçıvanda da xalça çılığın inkişafına yüksək təsiri olmuşdur. Məsələn, Təbrizdə, Qarabağda çeşni əsasında istehsal edilən xalça nümunələrinin eynisi Naxçıvanda da toxunmuşdur. Bu onugöstərir ki, Naxçıvan xalçaçılıq məktəbinin Azərbaycan məktəblərilə sıx əlaqəsi olmuşdur.
XVI–XVII əsrlərdə yaşayan məşhur rəssamlar da öz əsərlərində bir çox Azərbaycan xalçalarını təsvir etmişlər. Məsələn, bizim xalçalarımız Venetsiya taciri və tədqiqatçısı Marko Polonu heyran etmişdir. XVI əsrin ingilis səyyahı Antoni Cenkinson və XVII əsrin alman dəniz səyyahı Can Strusun qeydlərində xalçalarımız haqqında maraqlı məlumatlar verilir. Macar rəssamı Hans Memlinqin "Məryəm və onun uşağı" rəsmində, alman rəssamı Hans Holbeynin "Səfirlər" rəsmində bir çox Azərbaycan xalçaları təsvir edilmişdir.[6] Orta əsrlərdən başlayaraq Azərbaycan xalçaları bir çox ölkələrə ixrac edilmişdir. Tarixən Azərbaycana gələn səyyahlar və tacirlər də buradan özləri ilə xalça aparmışlar. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalçaları dünyanın ən zəngin muzeylərinin və bir sıra şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bunlara misal olaraq 1539-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş, hazırda Nyu-Yorkda Metropoliten muzeyində saxlanılan xalını, 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və haliyədə Londondakı Viktoriya və Albert muzeyində olan xalını göstərmək olar. 1539-cu ildə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş (elm aləmində bu xalı "Şeyx Səfi" adı ilə məşhurdur) bu xalını 1893-cü ildə ingilislər alıb Londona aparmışlar.[7] Orta əsrlər dövrü qədim Naxçıvan bölgəsində xalçaçılıq sənətinin inkişaf etdiyini sübut edən mühüm qaynaqlar mövcuddur. Naxçıvanda bu sənətin yüksək səviyyədə inkişaf etdiyini sübut edən mühüm qaynaqlardan biri də qəbirüstü xatirə abidələrdir. Bildiyimiz kimi, orta əsrlər dövründə qəbirüstü abidələrdə dəfn olunan şəxsin sənət və peşəsi haqqında müəyyən təsvirlər nəqş olunurdu. Bu abidələr üzərində simvolik olaraq hana, kirkid, daraq, usta təsvirləri verilmişdir. Bu təsvirlərdən məlum olur ki, həmin qəbirlərdə dəfn olunan şəxslər xalçaçılıq sənətilə məşğul olmuşdur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |