Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Cavid Mahmudov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Biləsuvar rayonu, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2010—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | |
|
Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.[1] 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi.
Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
2021-ci ildə Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun adı verilmişdir.[9]