Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Veysəl Musibov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1989 |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2020 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | |
|
Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[1]
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir.
Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur.[2] Milliyətcə azərbaycanlıdır.
İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır. Bu məktəbdə təhsil alan Musibov həmin il Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2007–2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.
Veysəl Musibov Məryəm Həsənova ilə ailəli idi. 4 yaşında qızı və 2 yaşında oğlu var.
2011-ci ildən N saylı hərbi hissədə taqım komandiri olaraq xidmət etmişdir. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursu keçib, Xüsusi Əməliyyət qrup komandiri vəzifəsində xidmət etmişdir. 2012–2016-cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştrak etmişdir. Dəfələrlə hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştrak etmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.[3] Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.[4]
2018-ci ildə ordu arasında keçirilen kəşfiyyatçı qrup yarışında 1-ci yerə layiq görülmüşdür.
"Efes-2018" Xüsusi Təyinatlılar yarışında iştrak etmiş və 24 ölkə arasında qrup olaraq 1-lik əldə etmişdirlər. Eyni ildə Xüsusi Əməliyyat taborunda əməlliyat zabiti olmuşdur. 2019–2020-ci illər ərzində Xüsusi Əməliyyat taborunun gərargah rəisi vəzifəsində vətənə xidmət etmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2019-cu il tarixli Sərəncamına əsasən Veysəl Musibov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan Ordusunun kapitanı olan Veysəl Musibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Veysəl Musibov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[11]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Veysəl Musibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]
2021-ci il noyabrın 25-də İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Veysəl Musibova həsr edilmişdir.[19]
2021-ci ildə Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun adı verilmişdir.[20]