Emma Qoldman (27 iyun 1869[1][2][…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası[4] – 14 may 1940[2][3], Toronto[4]) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır.
Emma Qoldman | |
---|---|
ing. Emma Goldman | |
Təxəllüsü | Qırmızı Emma |
Doğum tarixi | 27 iyun 1869[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 may 1940[2][3] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | anarxist, jurnalist, siyasi filosof, qadın hüquqları fəalı[d], mühazirəçi[d], naşir, sülh aktivisti, avtobioqraf[d], tibb bacısı, yazıçı, filosof, siyasətçi, müəllif, pasifist |
Əsərlərinin dili | ingilis dili |
Vikianbarda əlaqəli mediafayllar |
Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.
20 yaşında Nyu-Yorka köçən Emma Qoldman orada almanca dərc olunan anarxist jurnal "Freiheit"in redaktoru Johann Most ilə tanış oldu və onun düşüncələrindən təsirləndi. Bir müddət sonra anarxizm mövzusunda konfranslar keçirməyə başladı.
Emma Qoldman yoldaşı Aleksandr Berkman ilə birlikdə 1892-ci ildə Homestead polad tətili zamanı, fəhlələri işdən qovan fabrik müdiri Henri Klay Friki öldürməyi planladı. Silah almaq üçün lazımlı pulu qazanmaq məqsədilə küçədə fahişəlik etməyə qərar versə də bunu əsla edə bilməyəcəyini anladı və sonunda bacısından borc aldı. Planladıqları kimi Aleksandr Berkman, Frikin bürosuna daxil oldu və fabrik müdirini güllələdi. Frik ağır yaralandı və Berkman 14 il həbs cəzası çəkməli oldu. Məhkəmədə sui-qəsd cəhdinin səbələrindən danışan və müdafiə etməyə çalışan Emma Qoldmanınsa bu hadisədən sonra konfranslar təşkil etməyinə maneələr törədildi.
Emma Qoldman 1893-cü ildə işsizləri "güc tətbiq edərək" çörək əldə etməyə təşviq etdiyi iddiasıyla həbs olundu və Blekvell Adasındakı həbsxanada bir il həbsdə qaldı. Həbsxanadan çıxanda çoxdan iqtidarın qorxulu yuxusuna çevrildiyini gördü. 1901-ci ildə gənc polşalı immiqrant Çolqos, prezident MakKenlini öldürərkən, onu Emma Qoldmanıın təlimatlandırdığı iddiaları irəli sürüldü. Emma Qoldman Çolqosu tanıması iddialarını rədd etsə də gənc sui-qəsdçinin hərəkətini dəstəklədiyini bildirdi. Bu hadisədən sonra anarxistlərə edilən təzyiqlər səbəbiylə bir müddət gizlənmək məcburiyyətində qaldı.
1907-ci ildə Berkman ilə birlikdə aylıq "Mother Earth" (Torpaq Ana) jurnalının nəşrinə başladı. Jurnalın səhifələrində yalnız anarxist fikirlər deyil, həmçinin İbsen, Toro, Nitşe və Vilde kimi yazıçıların əsərləri də amerikalı oxuculara çatdırılırdı. 1910-cu ildə "Anarxizm və digər məqalələr" adlı kitabı dərc olundu və təşkil olunan konfrans turlarında 37 şəhərdə 120 dəfə çıxış edərək 25 min adama səsləndi. Azadlıq mübarizəsinə estetik bir ölçü qazandırdığını düşündüyü drama ilə əlaqədar konfransları da 1914-cü ildə "Modern dramın ictimai mənası" başlığıyla nəşr olundu.
Emma Qoldman 11 fevral 1916-da təkrar həbs olundu. Bu səfər həbs olunma səbəbi dağıtdığı doğum idarəsi haqqında məlumatlandırıcı sənədlər idi.. Berkman və Qoldmanın, "Məcburi Əsgərliyə Yox" birliyi və Birinci Dünya Müharibəsinə qarşı təşkil etdikləri etiraz aksiyaları səbəbiylə 2 il müddətinə həbs olundular. Bu həbs həyatı boyu altı dəfə həbsə atılan Emma Qoldmanın ən uzun müddətli cəzası idi. Bu hadisədən sonra o, Amerika vətəndaşlığından çıxarıldı və 1919-cu ildə Rusiyaya ekstradisiya edildi.
Rusiyada marksist mütləqiyyətə və dövlətçiliyə qarşıolmasına baxmayaraq inqilab naminə Bolşeviklərlə eyni cəbhədə yer aldı. 1919-da Berkman ilə ölkəni gəzərkən şahid olduqları siyasi təzyiq, bürokratiya və insanların məcburi işə cəlb olunması ona çox pis təsir etdi. 1921-ci ilin martında qiyam qaldıran Kronştadlı dənizçilərin Trotski və Qırmızı Ordu tərəfindən qətlə yetirilməsi həm Emma Qoldman həm də Aleksandr Berkman üçün bir qırılma nöqtəsi oldu. Qoldman və Berkman Rusiyada qalmalarının mənasız olduğuna qərar verdilər və 1921-ci ilin dekabrında Avropaya getdilər. Dövrün Rusiyası və bolşeviklər haqqındakı fikirlərini "Rusiyadakı Xəyal Qırıqlığım" və "Rusiyadakı Əlavə Xəyal Qırıqlığım" adlı əsərlərində ifadə etmişdir. Rusiyadan çıxan Qoldman və Berkmanın Amerikaya dönmələrinə icazə verilmədi. Berkman Fransaya, Qoldman isə İngiltərəyə yerləşdi. Burada qaldığı müddət ərzində bolşevikləri tənqid etdiyi üçün təzyiqlərə məruz qaldı. Sürgün edilə biləcəyi xəbərini eşidincə ingilis vətəndaşlığı almaq üçün yaşlı bir mədən işçisi ilə razılıq əsasında evləndi. İngilis pasportuyla bir çox ölkəni gəzə bilmə fürsəti əldə etdi. Fransa və Kanadaya səfərlər etdi. 1931-ci ildə "Həyatımı yaşayarkən" adlı avtobioqrafik əsərini yazdı. 1934-cü ildə ABŞ-də konfrans keçirməsinə icazə verildi.
İberya İnqilabı, Emma Qoldmanın anarxizm mübarizəsiylə dolu həyatının son illərində yaşadığı ən böyük təcrübə oldu. Berkmanın intihar etməsi və faşizmin yüksəlişiylə sarsılan Qoldman, 1936-cı ildə 67 yaşında İspan İnqilabına qatılmaq üçün Barselonaya getdi. Qoldman, CNT-FAİ-li anarxistlərin 1937-ci ildə Koalisiya Hökumətinə qatılmalarını, gedərək güclənən kommunistlərə döyüş fəaliyyətini daha yaxşı icra etmələri üçün kömək edilməsinə razı olmadı. . Bütün bunların anarxist hərəkata zərər verəcəyini bilirdi. Frankonun zəfəri və faşizmin bütün Avropaya yayılması qarşısında dərindən kədərlənməsinə baxmayaraq Qoldman anarxist qanunlarından güzəştə getməyi rədd etdi. 1940-cı ildə Kanadanın Toronto şəhərində iflic keçirən Emma Qoldman bundan üç ay sonra, 14 may 1940-da həyata vida etdi. O, Heymarket hadisələrindən sonra edam edilən və ona ilham qaynağı olan anarxistlərin məzarlarının yaxınına basdırıldı.
Qadın hüquqlarının müdafiəçisi olan Qoldman cinsi ayrı-seçkiliyə son qoyulmasını və qadınların bunu bacaracağını vurğulamışdır.
"İlk olaraq, özlərini seks maşını yox, şəxsiyyət sahibi fərdlər kimi qiymətləndirərək, ikincisi, öz bədəni üstündə heç bir kəsin hüququnu qəbul etməyərək; Tanrı, dövlət, cəmiyyət, ər, ailə və başqalarının xidmətçisi olmağı rədd edərək; öz həyatını daha sadə , ancaq daha dərin və zəngin yaşayaraq. Yəni, bütün sınaqları ilə həyatın mənası və məzmununu qavramağa çalışaraq, ictimai fikrin və ictimai qınağın qorxusundan qurtularaq. Qadını seçki sandıqları deyil, ancaq anarxist inqilab azad edəcək: Anarxist inqilabı onu dünyada daha əvvəl görünməmiş bir güc, azad kişilər və qadınların yaranmasını təmin edəcək müqəddəs atəşdən bir güc halına gətirəcək ". deyərək qadınlara liderlik etmişdir. Ehtirasla rəqs edərkən onu qınayan yoldaşlarına Emma Qoldman belə cavab vermişdir: "Rəqs etməyəcəyəmsə, inqilabınız sizin olsun!"
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |