Fridrix-Verner fon Şulenburq
Fridrix-Verner fon Şulenburq (alm. Friedrich Werner von Schulenberg; 20 noyabr 1875 – 10 noyabr 1944, Plyötsenzee həbsxanası[d] və ya Berlin) – alman diplomatı, müqavimət hərəkatının iştirakçısı, qraf.
== Həyatı ==
Lozanna, Berlin və Münxen universitetlərində təhsil almışdır. 1901-ci ildən xarici işlər nazirliyində çalışmış, 1911-ci ildən Tiflisdə konsul vəzifəsində işləmişdir. 1918-ci ilin mayından Qafqazda alman diplomatik missiyasının tərkibində olmuş, Batum konfransındakı Almaniya nümayəndəliyinin tərkibinə daxil edilmişdi. Şulenburq 1918-ci il avqustun 21-də Almaniyanın Baş qərargahında Qafqazla bağlı iqtisadi və nəqliyyat məsələlərinin müzakirə olunduğu konfransda iştirak etmiş, müşavirənin nəticələrini mövzular üzrə sistemləşdirib, qeydlər aparmışdır. Onun Bakı ilə bağlı qeydləri, əsasən, Bakı neftinin nəqli məsələsinə aiddir. Qeydlərdə deyilir: "… a) Bakı Rusiya ağalığı altında qalmaqdadır; b) Neft gəliri Almaniyanın nəzarətinə keçir; c) Bakıdan gələn dəmir yollan və boru kəmərləri alman nəzarəti altında olmalıdır". Şulenburqun yazdığına görə, Bakının tutulmasından sonra neft sahələrini Nobel firması ilə sıx əməkdaşlıq yolu ilə istismar etmək nəzərdə tutulurdu. Şulenburq 1919-cu ilin iyulundan Berlində xarici işlər nazirliyinin mərkəzi aparatında referent vəzifəsində çalışmışdır.