Nurməhəmməd Əndəlib
Nurməhəmməd Əndəlib (1660–1740)—türkmən şairi.
Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskin Qılınc, Balqızıl kimi ta-nınmış söz ustaları onun ardıcılları və şagirdləridir.
Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə böyükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədəbiy-yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya-radan türkmən şairlərindən Bayram xan Baharlı və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir.