İsanın çarmıxa çəkilməsi
İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında Tanrının Oğlu və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə həbs edilmiş, mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir. İsanın əziyyətləri və çarmıxa çəkilməsi xristian teologiyasında, xilas və bağışlanma nəzəriyyələrinin əsasını təşkil edir.
İsanın çarmıxa çəkilməsi dörd kanonik İncildə, Əhdi-Cədid məktublarında, bir neçə tarixi mənbədə və qeyri-xristian mənbələrində əks olunmuş tarixi hadisədir, buna görə də bu hadisənin baş verməsi şübhə doğurmayan faktdır.
== Tarixilik ==
Müasir elmdə İsanın vəftiz edilməsi və çarmıxa çəkilməsi onun həyatı haqqında ən səhih məlumatlar hesab edilir. Məsələn, Ceyms Dann qeyd edir ki, "İsanın həyatından olan bu iki hadisə demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul edilir" və razılaşma, həmçinin tarixi faktlar o qədər dəqiqdir ki, bu hadisələrin baş verməsindən şübhə etmək və ya inkar etmək mümkün deyil. Bart Erman qeyd edir ki, İsanın Ponti Pilatın əmri ilə edam edilməsi, onun həyatı haqqında olan ən səhih məlumatdır. Con Dominik Krossan isə qeyd edir ki, İsanın həyatı ilə bağlı heç bir fakt onun çarmıxa çəkilməsi qədər dəqiq deyil. Eddi və Boyd qeyd edir ki, müasir dövrdə qeyri-xristian olan nə varsa İsanın çarmıxa çəkilməsini təsdiq edir. Kreyq Blumberq bildirir ki, tarixi İsanın axtarışında olan əksər tədqiqatçıların İsanın çarmıxa çəkilməsinin tarixi fakt olduğunu mübahisəsiz qəbul edirlər.