Aslan Quliyev
Aslan Quliyev (26 sentyabr 1957, Bilnə, Yardımlı rayonu) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975–1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978–1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980–1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984–1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989–1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991–1992), orada gənc texniklər stansiyasının direktoru (1992–1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Ümumilikdə Bakıda 15, Türkiyədə 5 nəsr kitabı çap olunub.