1931-ci ildə İspaniya kralı XIII Alfonso ölkədən qovulmuş və orada respublika elan edilmişdi. 1936-cı ilin fevral ayında liberal və sol partiya nümayəndələrindən ibarət koalisiya hakimiyyətə gələrək Xalq cəbhəsi adı ilə ölkəni idarə etməyə başladı.
Keçmiş mühafizəkar qruplar bu hökuməti zor gücünə hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəldi. 1936-cı ildə Fransisko Frankonun başçılığı altında üsyan başlandı.
Həmin ilin noyabr ayında general Emilio Molonun başçılıq etdiyi dəstələr Madridi mühasirəyə almağa başladı. Molo jurnalistlər qarşısında lovğalanaraq şəhərin tezliklə təslim olacağını bildirirdi. O, rəhbərlik etdiyi dörd dəstənin Madridə doğru irəlilədiyini və lazım olan vaxt şəhərdə Frankoya rəğbət bəsləyənlərdən ibarət beşinci dəstənin də hərəkətə keçəcəyini bəyan edirdi.
O, səhv edirdi. Beşinci dəstə ya orada yox idi, ya da ki hərəkətə keçmədi. Madrid hələ iki il yarım üsyançılara müqavimət göstərdi. “Beşinci dəstə” kəlamı isə arxada düşmənlə gizlicə əlbir olan, ona rəğbət bəsləyən satqın qrup mənasında dilə düşdü. (Ayzek Azimov. Sözlərin tarixi)