Mirzə Davud Rəsulzadə
Mirzə Davud Rəsulzadə (1900, Rusiya imperiyası – 1938, Bakı) — İnstitut direktoru.
1900-cü ildə Mirzə Davud Rəsulzadə ziyalı ailəsində dünyaya göz açmışdı. Rus gimnaziyasını bitirdikdən sonra ölkədə baş verən hərc-mərcliklə barışmayan Davud Gürcüstana gedib hidromexanika sahəsində ali təhsil almışdır. Burada demokratların təşkilatına üzv olduqdan sonra o hər şeydə yenilik, novatorluq, fərqli yanaşma axtarmağa başlamışdı. Onun fərqli düşüncələri Tbilisidə “Gürcüstan” qəzetinin təsisçi və redaktoru olmasına gətirib çıxarmışdı. Bu irəliləyiş onun Azərbaycanın Gürcüstandakı nümayəndəliyində məsul vəzifəyə yüksəlməsinə təkan vermişdir. Fəaliyyət göstərdiyi illərdə Beriyanın hədəfinə tuş gələn ziyalımız Azərbaycana göndərildikdən sonra təqiblərə məruz qalmışdı.
Xanımının xatirələrində o yüksək intellektli, mədəni, qeyri-adi, erudisiyalı, prinsipial, hündürboy, yaraşıqlı, gür saçları, mehriban baxışlara malik qəhvəyi gözləri olan insan kimi qaldı. Yenilikçi, tələbkar, yaradıcı insan kimi yaşayan ziyalımız həmin vaxt yalnız cismən öldürüldü. Mənən isə onun ideyaları, yanaşma tərzi, alimlərimizin qəlbinə əkdiyi milli oyanış rüşeymləri 17.06.1938-ci ilədək yaşadı.