Dazayfu Tenman-qu
Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir.
Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır. İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir. Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir. Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır.
Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir.
Məbədin illik festivalı 25 sentyabrda keçirilir. Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur. İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.