Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi.
== Həyatı ==
Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997).
1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.