Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il
yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü
və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa
şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin
açılışı olmuşdur.
1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun
göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı
üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin
yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu.
1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.
Böyük Azərbaycan şairi Molla
Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır.
Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.
Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.
Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.
Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.