Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir.
Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi.
Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.