Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.