Dər türbəsi

Dər türbəsiOrdubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi.[4] Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyevİsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir.

Dər türbəsi
Dər türbəsinin ümumi görünüşü
Dər türbəsinin ümumi görünüşü
Xəritə
38°55′56″ şm. e. 45°48′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Status Ölkə əhəmiyyətli memarlıq abidəsi[1]
Yerləşir Darkənd, Ordubad rayonu
Aidiyyatı Ağqoyunlu dövrü
Memar Şеyх ibn Cühənnа[2][3]
Tikilmə tarixi 1487–1488[2]
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Material kərpic, əhəng və gəc məhlulu, kaşı, çaydaşı
Vəziyyəti qəzalı
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The mausoleum of Nakhichevan
TipiMədəni
Kriteriyai,iv
Təyin edilib30 sentyabr 1998
İstinad nöm.1173
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.417
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dər türbəsi həcm-məkan həllinə,[a] fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir.[5]

Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.

Tarixi və tədqiqi

[redaktə | mənbəni redaktə et]
Dər türbəsi 1950-ci illərdə.

Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş V. M. Sısoyev]] və İ. Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər.[2] Türbənin memarlıq xüsusiyyətlərini ətraflı şəkildə tədqiq etmiş İ. L. Vartanesov isə kitabəni görmədiyinə görə, tikilinin ümumi memarlıq xüsusiyyətləri, həmçinin inşa texnikası və materiallarına əsasən, təxminən XIV–XV əsrlərdə inşa edilmiş ola biləcəyini göstərir.[5]

Dər kəndindəki türbə XIX əsrin sonlarında Gevont Alişan[6], XX əsrin əvvəllərində isə Vasili Sısoyev tərəfindən abidəyə baxış keçirilmişdir.[7] S. V. Ter-Avetisyan özünün Xarabagilan yaşayış yerinə həsr edilmiş elmi əsərində bu türbədən də bəhs edir.[8]

Qarabağ silsiləsinin dağlıq ətəyində yerləşən Darkənd kəndi, Gilançayın sahilində, Ordubad şəhərindən 25 kilometr (16 mil) aralıda və İrəvanCulfa dəmir yolu xəttinin kənarında yerləşir. Kənd cənub tərəfdən Aşağı Aza, şimal tərəfdən isə Yuxarı Aza kəndləri ilə əhatə olunmuşdur. Hər üç kənd X əsrdə katolikos Xaçikin kondakında qeyd edilən Azat adlı şəhər tipli yaşayış yerinin əsasında formalaşmışdır.[9] Bu ərazinin abidələrindən bəhs edərkən G. Alişan yazır: "Mənə elə gəlir ki, bu üç kənd birlikdə Azat adlı daha qədim və böyük kəndin ərazisini tutur. Azat, Kiranla birlikdə qədim Qoxtnın dairələrindən birini təşkil edirdi."[6]

Yuxarı Aza kəndindən 3–4 km şimal-şərq istiqamətində özündə çoxlu sayda mülki və ictimai tikililərin qalıqlarını birləşdirən, qala divarları və qüllələrlə əhatə olunmuş qədim Xarabagilan yaşayış yeri yerləşdiyinə görə, bu ərazinin tədqiqinə XIX əsrdən etibarən böyük maraq göstərilmişdir.[9]

Ərazidə müxtəlif dövrlərdə aparılmış çoxsaylı sınaq qazıntıları zamanı əldə edilmiş müxtəlif qədim əşyalar[b] bu ərazilərin tarixinin kifayət qədər qədim dövrlərə gedib çıxdığını isbat etmişdir.[10]

Dər türbəsi kənd mərkəzindən 1.5 kilometr (0.93 mil) cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dağılmış iki türbənin memarlıq xüsusiyyətləri haqqında onların təməl və abidələrin yerləşdiyi əraziyə səpələnmiş kərpic və daş qalıqlarına əsasən fikir yürütmək mümkündür.[10]

S. V. Ter-Avetisyanın verdiyi məlumata görə Dər kəndindəki üç türbədən ən yaxşı vəziyyətdə olanı, kəndin mollası tərəfindən Aşağı Aza kəndinin sakinlərinə 10 rubl qarşılığında satılmış, Aşağı Aza sakinləri isə türbəni sökərək onun kərpiclərini dağılmış körpü yaxınlığında karvansara tikmək üçün istifadə etmişlər.[11]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Dər türbəsinin planı.

Dağılmış iki türbənin təməl qalıqlarını dövrümüzə çatmış türbənin memarlıq xüsusiyyətləri ilə müqayisə edən İ. L. Vartanesov, onların hər üçün oxşar memarlıq xüsusiyyətlərinə malik olduqlarını ehtimal edir. V. M. Sısoyev dağılmış türbələrdən birinin planda altıguşəli olduğunu qeyd etsə də, dövrümüzə çatmış türbənin daxili tərtibatının "tamamilə yumru" olduğunu da yazır ki, bu da düzgün məlumat deyildir.[10] Belə ki, türbə, daxildən 1.65 m, xaricdən isə 2.7 metr diametrə malik səkkizguşəli plana malikdir.[10]

Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır və hazırda qum və torpaqla dolmuşdur.[10] Dövrümüzə çatmış kiçik tromplar sayəsində demək olar ki, sərdabə hissəsi də səkkizguşəli plana malikdir.[10]

Türbənin işıq istiqamətinə yönlənmiş tərəflərində kürsülüyün bütün dərinliyini yaran girişlər mövcuddur. Sərdabənin divarları 1.90 metr qalınlığa malik olmaqla çaydaşından əhəng-gəc məhlulu ilə hörülməklə yer səviyyəsindən bir metr hündürlüyə kimi qalxır.[12] Sərdabənin yerin üstünə çıxan hissəsi türbənin ikinci yarusu üçün kürsülük rolunu oynayır və xaricdən iri daşlarla üzlənmişdir. Daxildən türbə, kvadrat formalı kərpiclərlə hörülmüşdür.[12]

Yuxarı yarusun döşəməsindən bir qədər aşağıda kürsülük üzərində 18–20 sm diametrə malik nəfəsliklər vardır. Dəliklərin daxilindəki üzlükdə qalmış taxta liflərin qalıqları, inşaat zamanı qurumamış divarların saxlanması üçün taxta barlardan istifadə olunduğunu göstərir.[12]

Yerüstü hissə

[redaktə | mənbəni redaktə et]

Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.[12]

Dər türbəsinin künclərində güclü dərinliyə malik nişlər vardır. Nişlərin yuxarı hissəsi və künc pilyastrları ciddi dağıntıya məruz qaldığından, türbənin əsas həcmindən barabana keçidin necə yerinə yetirildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Yalnız nişlərdən ikisinin əyri yuxarı hissəsi, onların oxvari formada həll edildiyini göstərir.[12] G. Alişanın təqdim etdiyi rəsmdə nişlərin yuxarı hissəsi və giriş tağları yarımdairəvi təqdim edilsə də, İ. L. Vartanesov bunun səhv olduğunu və əslində həmin hissələrin oxvari tağ şəklində tamamlandığını göstərir.[12]

İşığın dörd istiqamətinə yönəlmiş dörd tərəfdə 1.9 metr hündürlüyə, 0.90 metr enə malik tağvari divar yerləri vardır. Yer səviyyəsindən qapı yerlərinə pilləkən vasitəsiylə qaxmaq mümkün idi. Qərb girişi tərəfdə pilləkənin qalıqları dövrümüzə çatmışdır.[12] İkinci yarus divarlarının qalınlığı 80 sm, künc pilyastrlarının çıxıntısı isə 40 sm-ə bərabərdir.[12]

Daxildən 3 metr hündürlüyə malik ikinci yarus 4 metr diametrli sferik günbəzlə örtülmüşdür. 1.10 metr ox qalxımına malik günbəz parabola formalaşdırır. Günbəz, tərəfləri 22 sm-ə bərabər olan kvadrat formalı kərpiclərdən hörülmüşdür. Onun tam ortasında yerləşdirilən kiçik oyuq üst və alt günbəzlər arasındakı boşluqla əlaqə saxlamaq üçün nəzərdə tutulmuşdur.[12]

Türbənin interyeri çox sadə həll edilmişdir. Tərəflərin küncləri oxvari tağ formasında həll olunmuşdur. Tağların əsası döşəmədən 80 sm hündürlükdə yerləşir. Tağlar arasında yerləşdirilmiş kiçik yelkənlər səkkizguşəli prizmadan sferik günbəzə keçidi təmin edir.[12] Şam ağacı formasında hörgü ilə kərpicdən toxunmuş yelkənlər, suvaqla çərçivəyə alınmışdır.[12]

Kvadrat formalı kərpiclərdən tikilmiş türbənin fasadı 27x5x3 sm ölçülü uzadılmış trapesiya formasına malik xüsusi bişirilmiş kərpiclərlə üzlənmişdir. Üzlük kərpiclərin fasada bərkidilməsi üçün 10 sm qalınlığa malik yapışdırıcı maddədən və yanlardan 1.5–2.0 sm dərinliyə malik pazlardan istifadə olunmuşdur.[13] Həm kərpiclərin həm də onlar arasındakı yarğanların ölçüsü (1.6 sm) fasadların hər yerində dəqiqliklə gözlənilmişdir. Giriş olmayan tərəflərdə 2 metr hündürlükdə yaradılmış oxvari tağların inşasında eyni formaya malik, lakin, daha uzun müddət bişirildiyinə görə qara rəng almış kərpiclərdən istifadə edilmişdir.[13]

Fasadların dekorasiyasında da bu cür kərpiclərdən istifadə edilmişdir ki, bu da tikilinin ümumi görünüşünə canlılıq gətirmişdir. Həmçinin xarici günbəzin üzlənməsində də bu cür qara kərpiclər istifadə edilmiş, lakin günbəzdə həmin kərpiclər bir-birinin əksinə olan istiqamətdə düzülmüşdür ki, bu da şam ağacı toxuması formalaşdırmışdır. Türbənin ətrafındakı xarabalığın ətraflı tədqiqi zamanı qara rəngli kərpiclərlə eyni ölçə və formaya malik firuzəvi rəngli kaşı ilə örtülmüş üzlük kərpicləri də aşkarlanmışdır.[13] İ. L. Vartanesov qeyd edir ki, Dər türbəsində kaşının keyfiyyəti Mömünə Xatun, QarabağlarBərdə türbəsində fasadların dekorasiyası zamanı istifadə edilmiş kaşıların keyfiyyətindən xeyli aşağıdır.[13]

V. M. Sısoyev kaşı-kərpiclərin türbənin günbəzinin bəzədilməsi üçün istifadə edildiyini yazsa da[7], İ. L. Vartanesov günbəzin saxlanmış hissələrinin kaşılı kərpiclərlə üzlənməməsi və düşmüş kərpiclərin yuvalarına rast gəlinməməsini arqument gətirərək həmin iddianı düz hesab etmir.[14] Tədqiqatçı firuzəyi kaşıların türbənin gövdəsindən günbəzinə keçən və dağıldığına görə dövrümüzə çatmayan hissəsinin bəzədilməsi üçün istifadə edildiyi ehtimalını irəli sürür.[14]

  1. Səkkizguşəli prizma və onun üzərində yerləşdirilən günbəzlə örtülmüş baraban.
  2. Ərəb yazılı daş kitabələr, qızıl və mis sikkələr, məzar daşları, qolbağlar, saxsı qablar və s.
  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". e-qanun.az. 2 avqust 2001. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.
  2. 1 2 3 V. Baxşəliyev, F. Quliyeva. Naxçıvanın tarixi abidələri (173). Bakı: Nurlan nəşriyyatı. 2017. (#accessdate_missing_url)
  3. Alıyev, Nizami. XX əsrin birinci yarısında Naxçıvanlı rəssamların yaradıcılığı (PDF) (AMEA Naxçıvan Bölməsi Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Cild 6, №3). Naxçıvan: Tusi nəşriyyatı. 2010. 2023-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 avqust 2019.
  4. Dər türbəsi // Naxçıvan Ensiklopediyası / Vasif Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 360.— Səh.: 131. — ISBN 5-8066-1468-9.
  5. 1 2 Vartanesov, 1964. səh. 62
  6. 1 2 Алишан, Г. Сисакан. Описание местностей страны Сюнийской. Венеция. 1893. 346.
  7. 1 2 Sısoyev, 1929. səh. 195
  8. Ter-Avestisyan, 1927. səh. 168
  9. 1 2 Vartanesov, 1964. səh. 57
  10. 1 2 3 4 5 6 Vartanesov, 1964. səh. 58
  11. Ter-Avestisyan, 1927. səh. 170
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 Vartanesov, 1964. səh. 59
  13. 1 2 3 4 Vartanesov, 1964. səh. 61
  14. 1 2 Vartanesov, 1964. səh. 60
  • Alıyev, Nizami. XX əsrin birinci yarısında Naxçıvanlı rəssamların yaradıcılığı (PDF) (az.) (Cild 6, №3). Naxçıvan: Tusi nəşriyyatı. 2010. İstifadə tarixi: 4 avqust 2019.
  • Vartanesov, İ. L. Мавзолеи близ селения Дер (rus) (т. II.). 1950.
  • Sısoyev, V. M. Нахичевань на Араксе и древности НахАССР (rus) (Известия Азкомстариса, выпуск 4, тетрадь 2). Bakı. 1929. 195.
  • Ter-Avestisyan, S. V. К археологическому обследованию Хараба-Гилана (rus) (Известия кИАИ, т. 6). Tbilisi. 1927. l67–178.