Aida Tağızadə
Tağızadə Aida Zeynal qızı (5 fevral 1934, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986).
== Həyatı ==
Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur.
Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur, lakin o, musiqişünaslığı özünə peşə seçmişdir.
O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü. Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur.
Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur.
Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir.