Roma rəvayətinə əsasən, e.ə .494-cü ildə balaca Roma şəhərciyi ciddi daxili problemlərlə üzləşibmiş. Bir neçə nüfuzlu ailə (patrisilər) siyasi hakimiyyəti inhisarlaşdıraraq şəhəri öz mənafeləri naminə idarə edirdi. Yerdə qalan əhali (plebeylər) maraqlarının qətiyyən nəzərə alınmadığını hiss edir və buna görə də Romadan ayrılmaq qərarına gəlir. Onlar Romanı tərk edir və beş km. aralıqda yeni şəhər salırlar.
Bu, Romanın sonu demək idi, ona görə də patrisilər plebeyləri qaytarmaq məqsədilə onlarla tez-tələsik danışıqlara başlayırlar.
Plebeylərin səs verərək öz məmurlarını seçmə hüquqlarının tanınması barədə razılıq əldə olunur. Bu məmurların əsas vəzifəsi plebeylərin maraqlarını qorumaq və onların mənafelərinə toxuna biləcək hər hansı hərəkətin qarşısını almaq idi. Onlar tribun adlanırdılar.
Əgər hər hansı bir tribun Senatda müzakirəyə çıxarılan qanunun xalqın həyatını çətinləşdirə biləcəyindən narahat olardısa, onda durub bu sözləri deyə bilərdi: “Mən bunu qadağan edirəm!” Bununla da qanun qəbul edilmirdi.
Təbii ki, tribun bunu latın dilində deyirdi, bu dildə isə “Mən bunu qadağan edirəm” “veto” kimi səslənirdi.
Bu söz indi də bir insan qətiyyətlə və öz səlahiyyətləri çərçivəsində, kollegial bir orqanın qəbul etdiyi qərarı ləğv edərkən işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)