Şəhanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Şəhanə Hacıyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Şəhanə İbadət qızı Hacıyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
İdman növü | Cüdo |
Məşqçisi | Fərid Ağakişiyev |
Şəhanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəhanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir.
Şəhanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şəhanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı.
Şəhanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şəhanə Hacıyeva bürünc medalın sahibi oldu.
2019-cu ildə baş tutan Qran-Pri turnirin həlledici görüşündə 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan Çin nümayəndəsi Li Lisini ipponla məğlub elədi və turnirin qalibi oldu.
2021-ci ilin may ayında baş tutan Qran-Pri turnirində bürünc medala sahib olan Şəhanə Hacıyeva, il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.[1]
Şəhanə Hacıyeva XVI Yay Paralimpiya Oyunlarında avqustun 27-də mübarizə apardı.[2] 1/4 final mərhələsi çərçivəsində onun rəqibi Yaponiya nümayəndəsi Şizuha Hangai oldu. Həmin görüşdə Şəhanə Hacıyeva rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı.[2] Bu mərhələdə Şəhanə Hacıyeva ardıcıl üç Paralimpiadanın bürünc medallarına sahib olan Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victoriya Potapova ilə üz-üzə gəldi.[2] Təcrübəli rəqibi ilə görüşdə 21 yaşlı Şəhanə Hacıyeva ipponla qələbə qazandı və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi, Dünya və Avropa Çempionatlarının qızıl medalçısı olan Fransa təmsilçisi Sandrine Martinet oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əvvəlində Şəhanə Hacıyeva vaza-ari balı qazansa da, görüşün sonuna beş saniyə qala rəqibi də vaza-ari balı qazandı və görüşün əsas vaxtında qalib müəyyənləşmədi.[2] Qızıl bal uğrunda hissənin 40-cı saniyəsində Şəhanə Hacıyeva titullu rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[2][3][4] Şahanə Hacıyeva final görüşündən sonra müsahibəsində bunları bildirdi: "bu gənc yaşımda Paralimpiya Oyunlarının çempionu olduğum üçün şadam. Mən bu qələbəmi müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm".[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Şəhanə İbadət qızı Hacıyeva 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]