Şazilik

Şaziliyyə — sufi yönümlü islam təriqəti.

Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir.

Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.

Əbul-Həsən Əli ibn Abdullah Şazili 657/1258-ci ildə vəfat etdiyi zaman o, davamçısı olaraq yerinə Əbul-Abbas Əhməd Mürsini təyin etmişdir.

Şaziliyyə Misir və Şimali Afrikada ən məşhur təriqətlərdən biridir. Şaziliyyə təriqətinin ən məşhur olduğu bölgələr Cəzayir, Tunus, Mərakeş, Misir və bəzi Afrika ölkələridir. Bu təriqət, Türkiyəyə Osmanlı dövlətinin son zamanlarında Şeyx Zafir tərəfindən gətirilmişdir. Belə ki, Əbdülhəmid xanın bu şəxsə bağlı olduğu rəvayət olunur.

Son zamanlarda Şazili təriqətinə malik olanlar Avropada da böyük bir nüfuz qazanmışlar. Bu gün Misirdə ən çox yayılan təriqət, Şaziliyyə təriqətidir.