Əbunnəcib Sührəvərdi

Əbunnəcib Sührəvərdi (farsca: ابوالنجیب عبدالقادر سهروردی) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi.[4]

Əbunnəcib Sührəvərdi
Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi
Doğum tarixi 1097[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1168[1][2][…]
Vəfat yeri
Əsas maraqları sufilik

Əbunnəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində[5] anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır.[6]

AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbunnəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır.[7]. Yaqut Həməvi (1179–1229) halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır: "O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi".[8]

Çətin güzəran, zəhmətli günlər keçirən Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir.[9] Əbunnəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır: "Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar."[8]

Mənbələrdə Əbunnəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur.[10]

AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbunnəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur.[11]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əbunnəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" ("Adab əl–müridin fi–t–təsəvvüf")[12][13], "Allahın gözəl adlarının şərhi" ("Şərh əl-əsma əl–hüsna"), "Çıraqların qəribəsi" ("Qərib əl–məsabih") traktatlarıdır.[10]

Zakir Məmmədov Əbunnəcib Sührəvərdinin təlimi haqqında yazır ki, sufi təliminin mötədil qoluna mənsub mütəfəkkirin nəzərində təsəvvüf şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl, axırını isə ilahi vergi ilə səciyyələnir. O, bu mənada deyir: "Təsəvvüfün əvvəli elm, ortası əməl, axırı ilahi vergidir. Elm muradı aşkar edir, əməl tələbi müəyyənləşdirir, ilahi vergi ümid qayəsinə çatdırır."[11]

  1. 1 2 ʻAbd al-Qāhir ibn ʻAbd Allāh Suhrawardī // Faceted Application of Subject Terminology.
  2. 1 2 'Abd-Qahir ibn 'Abd Allah Suhrawardi // NUKAT. 2002.
  3. Deutsche Nationalbibliothek Record #104063467 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Misbah Islam – Decline of Muslim States and Societies, səh 234
  5. Ibn Khallikan's Biographical dictionary, səh 152
  6. Zakir Məmmədov. Sührəvərdi Əbunnəcib. Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı,1986. səh. 112
  7. Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978. səh. 53
  8. 1 2 Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
  9. Ian Richard Netton – Seek knowledge: thought and travel in the house of Islam, səh 71
  10. 1 2 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  11. 1 2 Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
  12. Daphna Ephrat – Spiritual wayfarers, leaders in piety: Sufis and the dissemination of Islam, Стр. 124
  13. Mohamed Taher – Encyclopaedic survey of Islamic culture, Том 13, səh 61[ölü keçid]