Şihabəddin Ömər Sührəvərdi

Şihabəddin Ömər Sührəvərdi (fars. عمر سهروردى‎; 1145[3]—1234[3]) – Fars[4][5] hüquqşünas alim, sufi[6] nəzəriyyəçi, ictimai-siyasi xadim.[7]

Şihabəddin Ömər Sührəvərdi
Şihabəddin Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdi
Doğum tarixi 1145
Doğum yeri
Vəfat tarixi 1234[1][2][…]
Vəfat yeri
İstiqaməti Sührəvərdiyyə
Əsas maraqları sufilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur.[8] AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir.[9]

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir".[3]

Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır.[10] İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Elçi gətirdiyi xalatı və əmmaməni Konyada sultana verdi. O, xilafət qaydası ilə xalq qarşısında sultanın kürəyinə dörd dəfə üsulluca çubuqla vurdu. Sultan Əlaəddin islamiyyət imamının hədiyyəsi olan bəzədilmiş qızıl nallı qatırın dırnağından öpdü. Şeyxlə birlikdə atlara minib gəzintiyə çıxdılar. Bütün xalq sultanı həmin vəziyyətdə seyr etdi. Geri döndükdə qonaqlıq oldu.[9]

Şəmsəddin Əhməd Əflakinin (... – 1360) verdiyi məlumatda Şeyx Şihabəddin Sührəvərdinin Konyada qəbul edilməsi epizodu təsvir edilmişdir. Burada böyük Azərbaycan filosofu ilə Mövlanə Cəlaləddin Ruminin atası, o dövrün tanınmış ictimai–siyasi xadimi Bəhaəddin Vələd (...–1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir. Tarixçi yazır: "Xəlifə tapşırığını çatdırdıqdan sonra Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərdi; o, Bağdadda həddən ziyadə ibadətlər etmişdi. Ona dedi ki, sührəvərdlilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar." [9]

AMEA-nın müxbir üzvü Zakir Məmmədov qeyd edir ki, Bəhaəddin Vələd səltənət adından sührəvərdilər "bizə yaxın qohmdurlar" deyərkən, şübhəsiz, onların türkdilli, daha doğrusu, azərbaycanlı olmalarını nəzərdə tutmuşdur. Şihabəddin Əbuhəfs Sührəvərdi ömrünün son çağlarında kor olmuş, 1234–cü il sentyabrın sonlarında Bağdadda vəfat etmiş və orada Vərdiyyə qəbirsanlığında dəfn edilmişdir.[11]

Şeyx Əbu Həfsə Ömər ibn Şeyx Şəmsəddin Məhəmməd bin Şeyx Abdulla bin Şeyx Səd bin Şeyx Həsən bin Şeyx Qasim bin Şeyx Nəzrə bin Şeyx Qasim bin Şeyx Məhəmməd bin Şeyx Abdulla bin Şeyx Əbdürrəhman bin Şeyx Qasim bin Əbu Bəkr Siddiq[12]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin zəngin yaradıcılıq yolu keçdiyini, onun əsərlərindən "Biliklərin töhfələri" ("Əvarif əl–maarif") kitabının dəfələrlə Misirdə, 1966–cı ildə Beyrutda, "Duaların şərhinə dair bəndələrin xəzinəsi" ("Kənz əl–ibad fi şərh əl–aurad") əsərinin 1908–ci ildə Kazanda, "Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə" ("Cəzb əl-qülub ila müvasələt əl–məhbub") əsərinin 1910–cu ildə Hələbdə çap edildiyini bildirmişdir. Tədiqatçı kataloqlara və şərqşünas alimlərin əsərlərinə istinadən yazır ki, mütəfəkkirin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrində əlyazması şəklində saxlanılır.[11]

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin çap edilməmiş əsərlərindən bəhs edərkən aşağıdakıları göstərmişdir:
1) "İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" – "Rəşf ən–nəsaih əl–imaniyyə və kəşf əl–fədaih əl–yunaniyyə"
2) "Doğru yolu bildirmək və möminlərin əqidəsi" – "İlam əl–hüda və əqidət ərbab ət–tüqa"
3) "Quranın təfsirinə dair bəyanın pis əməli" – "Nüğbət əl–bəyan fi təfsir əl–Quran"
4) "Fəqirliyə dair traktat" – "Risalə fi-l-fəqr"
5) "Ariflərin məqamları" – "Məqam əl–arifin"
6) "Sufi libası geyməyə dair traktat" – "Risalə fi lübs əl–xirqə"
7) "Sührəvərdi vəsiyyətləri" – "Əl–Vasaya əs–sührəvərdiyyə"
8) "Müridlərin irşadı və taliblərin nicatı" – "İrşad əl–müridin va nicad ət–talibin"
9) "Təsəvvüfə dair traktat" – "Risalə fi-t-təsəvvüf"
10) "Ruhun zikrində fütuhun vaqiəsi" – "Sünuh əl-fütuh bi–zikr ər–ruh"
11) "Kəlamda imkan qayəsi" – "Ğayət əl–imkan fi-l-kəlam"
12) "Fiqhin neməti" – "Nemət əl–fiqh"
13) "Seyr və uçma" – "əs-Seyr va-t-teyr"
14) "Yollara dair" – "Fi–s–süluk"
15) "Fütüvvə kitabı" – "Fütüvvətnamə" [11]

"Biliklərin töfhələri"

[redaktə | mənbəni redaktə et]

"Biliklərin töhfələri" Şihabəddin Sührəvərdinin ən böyük və ən məşhur əsəridir. Zakir Məmmədov qeyd edir ki, müəllifin öz sağlığında belə yüksək qiymətləndirilən bu traktat təsəvvüfə dair əsərlər içərisində mühüm yer tutur, Fuad Köprülünün "Türk ədəbiyyatında ilk mütəsəvviflər" əsərində "Biliklərin töhfələri" əsəri "mükəmməl bir əxlaqi–sufiyyə məcmusu" adlandırılır.[13]

Dünyanın bir çox kitabxanalarında, o cümlədən Özbəkistan EA Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmaları Fondunda "Biliklərin töhfələri" əsərinin müxtəlif əlyazmaları saxlanılır. Onlardan biri 1658–ci, digəri 1817–ci ildə nəsx–nəstəliq xətti ilə köçürülmüşdür. Başqa bir nüsxənin köçürülmə tarixi isə naməlumdur. "Biliklərin töhfələri" traktatının məlumm olan ən qədim (12971298–ci illərdə Dəməşqdə köçürülmüş) nüsxəsi Sankt-Peterburqda saxlanılır.[14]

Əbuhəfs Sührəvərdinin bu əsərini Arifi türk dilinə, İsmayıl ibn Əbdülmömün ibn İsmayıl (...–1266) fars dilinə çevirimişlər. Zakir Məmmədov əsərin orijinal ərəbcədən alman dilinə tərcüməsinin çap olunduğunu, əsərdə mötədil sufizmin bütün məsələləri müfəssəl surətdə araşdırıldığını bildirmişdir. Alim yazır ki, sufiliyin mənşəyi və mahiyyəti, sufi sözünün təfsiri, sufi adlanan bəzi təriqətlərin – məlamətilyin, qələndəriliyin və s. tənqdi, şeyxlik rütbəsinin müəyyən edilməsi, insanın özünü dərk etməsi, mükaşiflər (haqqı görmə), hallar, məqamlar, hal ilə məqam arasında fərqlərin izahı və digər məsələlər "Biliklərin töhfələri" əsərində geniş işıqlandırılmışdır. Əbuhəfs Sührəvərdi altmış üç fəsildən (bab) ibarət mündəricə təqdim etdikdən sonra yazır: "Bu fəsillər sufilərin elmlərindən bəzisini – onların hallarını, məqamlarını, davranışlarını, vəcdə gəlmələrinin qəribəliklərini, biliklərini və tovhidlərinin həqiqətlərini, işarələrinin dəqiqini, istilahlarının incəsini əhatə edir."(mənbə Zakir Məmmədov. Əbuhəfs Sührəvərdinin həyatı və əsərlərinə dair.[3]

"İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası"

[redaktə | mənbəni redaktə et]

"İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" traktatı peripatetizmin tənqidinə həsr olunmuşdur. Mütəfəkkir bu əsərində Aristotelə qarşı çıxaraq, onun davamçıları olan filosofları dinsizlikdə ittiham etmişdir. Əsərin yazılma səbəbi belə izah olunur: "Bu hökmdarın (Nasir li–Dinillahın) sayəsində din bazarının rəvac tapmasına baxmayaraq, cavanlardan bəzisi dinlə bir araya sığmayan fəlsəfə ilə məşğul olur. Odur ki, mən bu kitabı özüm rəvayət etdiyim hədislərin üzündən yazdım. Yadıma gələn müsnədləri də ona əlavə etmişəm." [15] Əsərin meydana çıxması tarixi faktlarla əlaqələndirilir: Xəlifə Nasir li–Dinillahın özü hədis rəvayət etməsinə və başqalarına da rəvayət etmək icazəsi verməsinə baxmayaraq, o, İbn Sabit ibn Saburun (...-1199) təhriki sayəsində fəlsəfə ilə tanış olmuş, şəri elmləri alçaltmışdır. Əbühəfs Sührəvərdi bu əsəri, həmin münasibətlə yazmışdır.[14]

Zakir Məmmədov "İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" kitabından bəhs edərkən yazır ki, kitab on beş fəsildən (bab) və iki xatimədən (nəticə) ibarətdir. Əsərin əlyazma nüsxələri Qota, Bursa, İstanbul, Tehran və başqa şəhərlərin kitabxanalarında saxlanılır. Əsəri Muinəddin Əli ibn Cəlaləddin Yəzdi (... – 1387) fars dilinə çevirmişdir. Bu tərcümə Sipəhsalar kitabxanasında (İran), Britaniya Muzeyində (İngiltərə), Xədiviyyə kitabxanasında (Misir) və s. fondlarda mövcuddur.[11]

"Sührəvərdi vəsiyyətləri"

[redaktə | mənbəni redaktə et]

"Sührəvərdi vəsiyyətləri" bir neçə traktatdır. Zakir Məmmədov onlardan birinin mütəfəkkirin öz oğluna nəsihəti, yaxud vəsiyyəti olduğunu bildirərək burada sufi olmağın məsuliyyətindən söz açıldığını, sufi elmində cahil olanların düşmən adlandırıldığını qeyd etmişdir: "El əhlinin cahilləri düşməndirlər." [11]

O, oğlunu cahil sufi olmaqdan saqınmağa çağırır: "Fiqhi öyrən və sufilərin cahillərndən olma. Belə ki, onlar dinin oğruları, müsəlmanların yolkəsənidirlər."[16]

Müəllifin öz oğluna yazdığı vəsiyyətin bir neçə nüsxəsi DaşkənddəSankt-Peterburqda saxlanılır. Başqa bir "Vəsiyyət"i Əbuhəfs Sührəvərdi öz müridi Ömər ibn Əbusəid Multani üçün yazmışdır. Traktatda sufizm məsələləri mühüm yer tutur. Əsərin üç nüsxəsindən ikisi Berlində saxlanan nüsxəyə mütabiqdir. Əbuhəfs Sührəvərdinin yaradıcılığında onun Kəmaləddin İsmayıl İsfəhaniyə (11701237) bir məktubu da maraqlıdır. İncə şeirlər ustadı kimi şöhrət tapmış Kəmaləddin İsfahani Əbuhəfs Sührəvərdinin güclü təsiri altında olmuşdur. Şair mütəfəkkirə həsr etdiyi yetmiş yeddi beytdən ibarət qəsidəsində onu "zəmanınin yeganəsi" adlandırmış, səmimi hörmət hissi ilə mədh etmişdir. Qəsidədən məlum olur ki, Kəmaləddin İsfahani Azərbaycan sufi mütəfəkkirini şəxsən görməmiş, onun fikirlərindən uzaqdan–uzağa təsirlənmişdir.[14]

Əbuhəfs Sührəvərdinin şairə göndərdiyi məktub sufi tövsiyəsi ruhunda yazılmışdır. Burada insanın mistik özünü kamilləşdirməsi üçün bir sufi məqamından dugərinə yüksəlmə prosesi müxtəsər surətdə şərh edilir. Bu məktub məzmunu etibarilə "Biliklərin töhfələri" traktatında qoyulmuş və geniş izahı verilmiş bəzi məsələlərə uyğun gəlir.[11]

Şihabəddin Əbuhəfs Sührəvərdinin əsərlərində sufilərin əxlaq normalarının, mənəvi keyfiyyətlərinin, davranış qaydalarının müfəssəl şərhi verilir. İnsanın mistik özünü kamilləşdirməsi yolu göstərilir.[17]

Zakir Məmmədov yazır ki, Əbuhəfs Sührəvərdi sufilərin təbiətini, daxili aləmini, onların geyimərini zahiri cəhətləri ilə əlaqələndirmişdir: "Ad onların əlaməti, Allaha görə elm onların sifəti, ibadət onların bəzəyi, mömünlük onların şüarı və haqqın həqiqətləri onların sirləridir." [14]

Mütəfəkkir öz zəmanəsində də qaba yundan paltar geyməyin sufilər arasında dəb olduğunu xəbər verir. O bildirir ki, sufi təbiətli bəzi adamlar o dövrdə yun paltar geymədikləri üçün sufi adlanmamışlar. Sufi terminini mənşəcə ərəb dilinə mənsub sayan alim bir fikir cərəyanı kimi də onun islam dini zəminində yarandığını söyləmişdir.[3]

Zakir Məmmədov "Biliklərin töhfələri" əsərinə əsasən qeyd edir ki, sufi mütəfəkkirlərin əqidəsincə, bədəndə baş verən psixik hadisələr bilavasitə ruhla bağlıdır: "Ruha görə əql qərarlaşıb, ruha görə mühakimə cari olub. Əgər ruh olmasaydı, əql fəaliyyətini itirərdi, nə ona əsaslanan, nə də ona məxsus bir mühakimə olardı."[3]

Əbuhəfs Sührəvərdinin əqlə belə əhəmiyyət verməsi onun sufi təliminin məziyyətlərindəndir. O, hədislərdən və rəvayyətlərdən çıxış edərək bildirir ki, hər hansı insan məhz əqlinə görə başqalarından üstündür. Zira əməlinə görə mükafatlandırılan insan əqlinə görə fəaliyyət göstərir. Mütəfəkkrin fikrincə, ruhun və bəsirətin mövcudluğu əqlin mövcudluğu ilə iqrar edilir: "Əql ruhun dili, bəsirətin tərcümanıdır." Elm, bilik Əbuhəfs Sührəvərdi tərəfindən əql ilə vəhdətdə götürülür. "Biliklərin töhfələri" traktatında deyilir: "Bu əql elə bir keyfiyyətdir ki, elmlərin dərk olunması onunla əmələ gəlir".[3]

Sufilərin fikrincə, ruh həm maddi, həm də qeyri–maddidir. Əbuhəfs Sührəvərdi maddi ruhu "heyvani ruh" (ər–ruh əl–heyvani) adlandıraraq yazır: "Heyvani ruh, hiss və hərəkət qüvvəsinin daşıyıcısı, incə cismanidir... O, vuran damarların içərisində yayılır. Bu ruh bütün heyvanlarda vardır."[mənbə göstərin]

"İnsani ruh" (ər–ruh əl–insan) adlanan qeyri maddi ruh isə sufilərin əqidəsincə, ilahi aləmdən göndərilir. Əbuhəfs Sührəvərdi yazır ki, insanda ülvi insani ruh heyvani ruha qovuşaraq onunla birikir, yeni keyfiyyət əldə edir, bunun sayəsində insan nitqə və ilhama malik olur.

Prof. Zakir Məmmədov qeyd edir ki, buradakı "insani ruh" trmininin məzmunu şərq peripatetiklərinin əsərlərindəki "nəfs" ("insani nəfs") anlayışına mütabiqdir. Lakin "ən–nəfs" termini Şərq perpatetiklərinin əsərlərində mənəvi "can" mənasını daşıdığı halda, Əbuhəfs Sührəvərdinin və başqa sufilərin əsərlərində əsasən "ehtiras", "nəfsin istəyi" mənalarında başa düşülür.[3]

Zakir Məmmədov yazır ki, sufilərin fikrincə, təsəvvüf yolçusu mistik özünükamilləşdirmə prosesində hər şeydən əvvəl öz nəfsini paklaşdırmalıdır. Bu isə rəzillikdən çəkinməklə, uzaqlaşmaqlq mümkündür. Əbuhəfs Sührəvərdinin Kəmaləddin İsfahaniyə yazdığı məktubunda deyilir ki, insan kin, həsəd və riyadan arındıqda təmizlik nuru onun batininə süzülür, o, bütün rəzilliklərdən yaxa qurtara bilir. İnsan öz nəfsini paklaşdırdıqdan sonra, yeni bir məqama qədəm qoyur. Allah qovuşmaq arzusu ilə sidq və səmmiyyət zirvəsinə yüksəlir.[14]

Zakir Məmmədov "Biliklərin töhfələri" kitabında "tövbə" (ət taubə), "zühd" (əz-zühd), "ehtiyatkarlıq" (əl-uara), "fəqirlik" (əl-faqr), "səbir" (əs-sabr), "təvəkkül" (ət-tauakkul), "razılıq" (ər-rida) və sair məqamların şərhi üzərində geniş dayanıldığını bildirərək yazmışdır: Bu terminlər Qurandan götürülmüş olsa da sufilər, xüsusən ifrat sufilər onları çox vaxt başqa mənada təfsir etmişlər. Məsələn, əgər şəriətdə tövbə günahı boynuna almağı, onu təkrarlamamaq arzusunu bildirirsə, təsəvvüfdə tövbə bütün əlavə işlərdən, son nəticədə isə Allahdan savayı hər şeydən tövbə etməkdir. Çünki sufilərin nəzərində təsdiq edilən yeganə gerçəklik Allahdır. Əbuhəfs Sührəvərdi göstərir ki, hər bir məqamda hal xüsusiyyəti olduğu kimi, hər bir halda da məqama çevrilmə imkanı vardır. Sufi mütəfəkkirə görə hallar – ilahi vergilər tükənməzdir, məhdudluq yalnız onların bəndə tərəfindən qavranılmasındadır.[3]

Hallardan "fəna" (əl fəna) sufi mütəfəkkirlərin yaradıcılığında xüsusi əhəmiyyətə malikdir. "Biliklərin töhfələri" kitabında fəna sözünün əvvəlcə tövbə, zühd, nəfsi paklaşdırmaq məqamları ilə əlaqədar daşıdığı mənalar göstərilir. Kitabda qeyd edilir ki, həmin mənalardan bəzisi müxtəlif şeylərin yox olmasına və bəyənilmiş şeylərin qalmasına işarədir; bu səmimi tövbənin tələbatıdır, bəzisi rəğbət, hərislik və diləyin aradan qalxmasına işarədir, bu zühdün tələbatıdır; bəzisi qəbahətli keyfiyyətlərin yox olub getməsinə, tərifli keyfiyyətlərin qorunub saxlanmasına işarədir, bu nəfsi paklaşdırmağın tələbatıdır.[14]

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin sufi təliminin Əbuhamid Qəzalinin sufi təliminə çox yaxın olduğunu bildirərək yazır ki, hər iki mütəfəkkirə görə təsəvvüf yolçusu hallar və məqamlar silsiləsində mistik özünükamilləşdirmədən sonra mütləq heçliyə varmaqla haqqa qovuşur. Əbuhamid Qəzali kimi Əbuhəfs Sührəvərdi də təsəvvüfdə panteist təsəvvürü inkar etmişdir. Mütəfəkkir iddia edirdi ki, Əbuyəzid Bistami "Sübhanəllah!" (Allaha şükür!) əvəzinə "Sübhani!" (Mənə şükür!) və Mənsur Həllac "ənə əl–həqq" (Mən haqqam) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutumuşlar. O, "Biliklərin töhfələri" traktatında yazır: "Əgər bilsəydik ki, bu söz hüluldan olan bir şeyi gizli surətdə andırır, onda onları rədd etdiyimiz kimi, o sözü də rədd edərdik." [mənbə göstərin][3]

Zakir Məmmədov sufilərin qnoseologiyasının onların ontologiyası ilə sıx bağlı olduğunu bildirmişdir: "Sufi mütəfəkkirlər şəriət, təriqət və həqiqət mərhələlərinə uyğun olaraq idrakın yəqinliyin elmi (elm əl-yəqin), yəqinliyin eyni (ayn əl–yəqin) və yəqinliyin həqiqəti (haqq əl–yəqin) kimi üç mərhələsini fərqləndirmişlər. Yəqinliyin elmi eşdib öyrənməklə, yəqinliyin eyni görüb anlamaqla, həqiqəti dərk etməkdir. Yəqinliyin həqiqəti isə həqiqəti dərk etmək üçün həqiqətə qovuşmaqdır. Birinci yəqinlik, məsələn, od haqqında eşitməklə, ikinci yəqinlik odu görməklə, üçüncü yəqinlik odda yanmaqla əldə edilir. Əbuhəfs Sührəvərdi yazır: "Yəqinliyin elmi nəzər və istidlal yolu ilədir. Yəqinliyin eyni müşahidələr və nail olma yolu ilədir. Yəqinliyin həqiqəti isə vüsala yetmək ilədir". Sufi mütəfəkkir göstərir ki, yəqinliyin həqiqəti yəqinliyin elminin və yəqnliyin eyninin işarə etdiyi şeyin həqiqətidir".[3]

Əbuhəfs Sührəvərdi qeyd edir ki, yəqinliyin eyni cəm halıdır (hal əl–cəm) və yəqinliyin həqiqəti tavhid dilində cəmin cəmidir (cəm əl–cəm). Mütəfəkkirin fikrincə, təsəvvüf yolçusu birinci halda Allahın işlərini və hökmlərini, ikinci halda Allahın atributlarını və üçüncü halda Allahın substansiyasını anlayır.[14]

Şihabəddin Əbuhəfs Sührəvərdinin sufi təlimi onun övladları və ardıcılları tərəfindən inkişaf etdirilmiş, bütün müsəlman Şərqi ölkələrində nüfuz qazanmışdır. Sührəvərdiyyə sufi təriqəti yalnız ərəb ölkələri, Kiçik Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda da geniş yayılmışdır. Əsrlərin ideya sınağından keçmiş bu təlim öz varlığını bir sıra ölkələrdə müasir dövrə qədər saxlamışdır.[3]

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ʻUmar ibn Muḥammad Suhrawardī // Faceted Application of Subject Terminology.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  4. Medieval Islamic Civilization: An Encyclopedia. New York: Routledge. 2006. səh. 775. ISBN 0415966906. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
  5. John Renard, "Historical dictionary of Sufism ", Rowman & Littlefield, 2005. pg xxviii. excerpt: "Abu 'n-Najib 'Abd al-Qahir as-Suhrawardi, Persian shaykh and author, and scholar who thought Ahmad al-Ghazali, Najm al-Din Kubra and Abu Hafs 'Umar as-Suhrawardi
  6. Read Secret Practices of the Sufi Freemasons Online by Baron Rudolf von Sebottendorff | Books (ingilis). 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
  7. Qamar-ul Huda – Striving for divine union: spiritual exercises for Suhrawardī Sūfīs
  8. N. Hanif – Biographical encyclopedia of Sufis
  9. 1 2 3 Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
  10. Phyllis G. Jestice – Holy people of the world: a cross-cultural encyclopedia, Том 3, Стр. 828
  11. 1 2 3 4 5 6 Zakir Məmmədov. Əbuhəfs Sührəvərdinin həyatı və əsərlərinə dair. Azərbaycan SSR EA Xəbərləri. 1974. № 1
  12. Ənvər Çingizoğlu, Şihabəddin Ömər Sührəvərdinin soyu, "Soy" dərgizi, Bakı, №2 (35), 2010.
  13. Fuad Köprülü. Türk edebiyyatinda ilk mutasavifler. Ankara, 1966. səh.257
  14. 1 2 3 4 5 6 7 Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
  15. Daneşpəjuh. Fihrist-e kitabxane-yi daneşqah-e Tehran. III c., Tehran, 1332 h., səh. 448
  16. Kərbəlayi Təbrizi. Raudat əl-cinan. II cild. Tehran, 1970. səh. 299
  17. Misbah Islam – Decline of Muslim States and Societies
  • Ebu Hafs Şihabüddin Ömer es-Sühreverdi. Tasavvufun esasları – Avarifü’l-mearif tercümesi. Hazırlayanlar: H.Kamil Yılmaz – İrfan Gündüz. İstanbul, 1990
  • Əbuhəfs Sührəvərdi. Biliklərin töhfələri. (traktatdan parçalar). Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı, 1999. səh. 191-204
  • Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
  • Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  • Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
  • Zakir Məmmədov. Əbuhəfs Sührəvərdinin həyatı və əsərlərinə dair. Azərbaycan SSR EA Xəbərləri. 1974. № 1