Mir Möhsün Nəvvabın ev-muzeyi

Mir Möhsün Nəvvabın eviŞuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev.

Mir Möhsün Nəvvabın evi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Mamayı məhəlləsi, Nəvvab küçəsi 4
Tikilmə tarixi XIX əsrin ortaları
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.372
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi.[1]

Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər.

Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı.[2]

10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Burada həmçinin xalqımızın həyatından, məişətindən, adət-ənənələrindən söhbət açan dekorativ sənət nümunələri toplanmışdı. Tanınmış qrafika, tişə və fırça ustalarının sənətin müxtəlif növündə yaratdıqları nümunələr qalereyanın divarlarını bəzəyirdi. O cümlədən qalereyanın nəzdində fəaliyyət göstərən sənət dərnəyində onlarca gənc məşğul olurdu. Şuşa işğal edildikdən sonra bu sənət məbədinin də həyatına son qoyuldu.[3]

Muzeyin yaranması

[redaktə | mənbəni redaktə et]

Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzeyin yaranmamışdan 9 il öncə – "Şuşa" qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M. M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra şairin ev muzeyinə çevriləcəkdir.[4] Muzey isə naməlum səbəblərdən xeyli illər sonra – 1990-cı ilin noyabr ayında Mir Mövsün Nəvvabın vaxtilə yaşadığı mənzildə ev muzeyi statusunda fəaliyyətə başlayıb.

Ev muzeyinin ilk direktoru Xuraman Ağayeva olub. Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi.

Muzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi. Muzeydə M. M. Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da sərgilənirdi.

"Şuşa" qəzetində Mədəni-Maarif Məktəbinin müəllimi Ə. Nəcəfov həmin eksponatlarla bağlı nümunələrdən, o cümlədən sənətşünaslıq doktoru N. Miklaşevskayadan sitat gətirərək qeyd etmişdi: – M. M Nəvvabın çapçılıq fəaliyyətindən bəhs edərkən sənətşünaslıq doktoru N. Miklaşevskaya yazır: Əgər M. M. Nəvvabın çapçılıq fəaliyyətini ciddi öyrənib onun bu sahədəki bütün işini dərindən təhlil edən olarsa, bəlkə də belə bir nəticəyə gələrik ki, Azərbaycanın ilk çapçısı Mir Möhsün Nəvvabdır".

İşğaldan sonra

[redaktə | mənbəni redaktə et]

Hazırda muzey fəaliyyət göstərmir. Muzey eksponatları isə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində həm muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmişdir. İşğaldan sonra eksponatların çoxunu xilas etmək mümkün olmasa da bəzi eksponatlar indi İncəsənət Muzeyindədir. Şuşa məscidində Nəvvaba aid guşə varıydı. Əşyalarının çoxu orada idi. İndi həmin əşyalar da İncəsənət Muzeyində qorunur. Çəkdiyi rəsmlər, əlyazmalar, əşyalar…Onun ən dəyərli eksponatı Əmir Teymurun portreti olmuşdur. Rəssamlar bu əsərə yüksək qiymət veriblər.[5]

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın şair, rəssam, xəttat və musiqişünas alimi Mir Möhsün Nəvvaba (1833–1918) aid materiallar yerləşdirilimişdir. Belə ki, Mir Möhsün Nəvvaba aid materiallar daimi ekspozisiyanın "XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət" zalında ayrıca vitrində yerləşdirilmişdir. Burada həm mətn, həm də rəsmlərinin müəllifi M. M. Nəvvab olan "Kitabi divani farisi" əsərinin, eləcə də "Kəşfül-həqiqəti-məsnəvi" əsərinin orijinalları qoyulmuşdur. Qeyd etmək lazımdır ki, musiqi nəzəriyyəsinə həsr edilmiş "Kəşfül-həqiqəti-məsnəvi" əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir; Nəvvab bu əsərin də həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M. Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.[6]

M. M. Nəvvabın kolleksiyları

[redaktə | mənbəni redaktə et]

Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbiqlə nümayiş olunur. Vitrində Mir Möhsün Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilmişdir. Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub (heykəltaraş Tokay Məmmədov). 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılmışdır.[7]

Evin erməni işğalından sonrakı halı.

  1. Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 467.
  2. "Azərbaycan muzeyləri". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  3. "Flora Xəlizadə, Azərbaycan qəzeti, 2012-ci il, 18 may, səh.11". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  4. Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi[ölü keçid]
  5. "Mir Möhsün Nəvvabın nəticəsindən müsahibə". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  6. "Mir Möhsün Nəvvabın Xatirə Muzeyi". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  7. AMEA Tarix Muzeyi [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]