Məhəmmədhəsən ağa sarayı

Məhəmmədhəsən ağa sarayıŞuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Saray, Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmışdır. Saray, İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa və ailə üzvlərinə məxsus olmuşdur. 1796-cı ildə Şuşanı ələ keçirən Ağa Məhəmməd şah Qacar Məhəmməd Həsən ağa sarayında yaşamağa başlamış[1] və 1797-ci ildə bu sarayda nökər Səfər Əli tərəfindən qətlə yetirilmişdir.[1]

Məhəmmədhəsən ağa sarayı
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Sifarişçi Pənahəli xan
Əsas tarixlər Əsası qoyulub: 1751-1753
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5031
KateqoriyaSaray
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şuşanın tarixi mərkəzinin planında Məhəmmədhəsən ağa sarayının yerləşməsi

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi.[2] XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı.[3]

Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.[2] Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün "geniş binalar və hündür saraylar" inşa edilmişdi.[4]

N. Dubrovinin məlumatına görə, qalanın cənub-şərq tərəfindənki sıldırım qayanın üstündə "İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağanın kvadrat formalı sarayı" yerləşirdi.[5] 1796–1797-ci illərdə Şuşa qalasının işğalı zamanı Ağa Məhəmməd xan Qacar və əyanları bu sarayda məskunlaşmışdı.[5]

Şuşa şəhərinin XIX əsrdə tərtib edilmiş planınlarında, o cümlədən 1837-ci ilə aid baş planda N. Dubrovinin göstərdiyi yerdə böyük ölçülərə malik kvadrat formalı bina göstərilmişdir. Həmin bina planlarda "Polkovnik Cəfərqulu ağanın evi" kimi qeyd edilmişdir.[6] Cəfərqulu ağa Məhəmmədhəsən ağanın oğlu və varisi olmuşdur.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sarayın memarlıq xüsusiyyətləri və Ağa Məhəmməd xan Qacarın sarayda yaşadığı zaman istifadə etdiyi yataq otağının təsvirinə N. Dubrovinin əsərində rast gəlmək mümkündür. Sarayı təsvir edərkən, o, yazır:

" Geniş darvaza, daxili həyətə aparır. Əsas fasad boyunca yerləşmiş qapalı qalereyaların arxasında günəş şüalarından uğurla gizlədilmiş xan otaqları yerləşir. Bu yaxınlara qədər həmin otaqların yarım-açıq, rəngli şüşələrdən yığılmış naxışlı pəncərələrindən günlərini yumşaq xalçalar üzərində, qulluqçularının əhatəsində hərəkətsiz keçirən Qarabağ hakimini görmək olardı...Parad otaqlarını saray əyanlarına güzəştə gedən xan özü, yad gözlərdən kənarda yerləşən kiçik otaqda yatırdı. Onun sevimli nökərləri Abbas bəy və Səfər Əli xanın otağı yerləşən dəhlizdəki digər iki otaqda yaşayırdılar. Xanın yaşadığı tutqun otaqda heç bir mebel yox idi. Hökmdarın ayağını soyuq daşlardan qorumaq üçün bütün döşəmə tamamilə xalçalarla örtülmüşdü. Divar yaxınlığında xanın, o zaman məşhur olan, həm yataq, həm oturacaq, həm də parad oturacağı kimi istifadə etdiyi taxt yerləşir. Mirvari və zinətli daşlarla sıx bəzədilmiş parça bu taxtdan sallanaraq döşəməyə kimi çatırdı. Zinətli örtüyün ortasında bəzədilməmiş boş yer xanın oturması üçün nəzərdə tutulmuşdu. Bu hissədən parçanın al qırmızı məxmər olması görünürdü. Uzun kürk geyinmiş və belini qırmızı şalla bağlamış xan bardaş quraraq burada əyləşər və ziyarətçilərini qəbul edərdi.[7] "

E. Avalov XIX əsrin şəhər planına əsasən sarayın daxili həyətinin də kvadrat formalı olduğunu qeyd edir.[6] 1843-cü ildə Şuşaya səfər etmiş Prussiya dövlət xadimi və yazıçı Avqust fon Haksthauzen həmin sarayın xarici görünüş baxımından ətrafdakı binalardan çox fərqlənmədiyini qeyd edir.[8]

  1. 1 2 Авалов, 1977. səh. 36
  2. 1 2 Авалов, 1977. səh. 23
  3. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 96.
  4. Адигезал-бек, Мирза. Карабах-наме. Баку. 1950. 63.
  5. 1 2 Дубровин, Н. История войны и владычества русских на Кавказе (т.3). СПб. 1886. 209.
  6. 1 2 3 Авалов, 1977. səh. 39
  7. Дубровин, Н. История войны и владычества русских на Кавказе (т.3). СПб. 1886. 209–210.
  8. Закавказский край. Путевые впечетления и воспоитнания барона Августа фон Гакстгаузена (ч. II). СПб. 1857. 149. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.
  • Дубровин, Н. История войны и владычества русских на Кавказе (т.3). СПб. 1886.