Qasım bəy Zakirin qəbirüstü abidəsi — 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında mütəfəkkir Qasım bəy Zakirin qəbirüstündə ucaldılmış abidə. Abidə Şuşa şəhəri işğal edilən zaman erməni vandalizminin qurbanı olmuşdur.[1]
Qasım bəy Zakirin qəbirüstü abidəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Şuşa, Mirzə Həsən qəbiristanlığı |
Heykəltaraş | Namiq Dadaşov |
Tikilib | 1984 |
Vəziyyəti | dağılmış |
Material | Bürünc |
Görkəmli şair Qasım bəy Zakirin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında onun qəbirüstündə abidə ucaldılmışdır.[1] Əvvəllər şairin qəbirinin üzərində türbə olmuş sonra isə qəbirüstü abidəsi qoyulmuşdur.
Qasım bəy Zakirin qəbirüstü abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov olmuşdur.[2]
Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrdə yaşamış tanınmış şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı.[1]
Qəbirüstü abidə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılmışdır. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.[3]