Məmmədağalı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Seyidqışlaq kəndi mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Məmmədağalı kəndi Seyidqışlaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədağalı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Məmmədağalı | |
---|---|
40°51′56″ şm. e. 47°58′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 523 m |
Saat qurşağı | |
Kənd məmmədovlar nəslinin məskunlaşması nəticəsində yarandığına görə həmin nəslin adı ilə adlandırılmışdır.[3]
Kəndin tarixinə dair geniş araşdırma aparılmayıb, lakin üzərində alban yazısı olan daşın tapılması göstərir ki, kəndin tarixi qədim dövrə gedib çıxır. Kəndin adına İsmayıl bəy Qutqaşınlının "Səfərnamə"sində "Məhəmmədağalı" şəklində rast gəlinir.
Məmmədağalı kəndində 2005-ci ildə Milli Məclisin qərarına əsasən İnzibati Ərazi Nümayəndəliyi təşkil edilmişdir. 2003-cü ilə qədər Bund kənd İƏN daxilində, 2003-2005-ci illər ərzində Seyidqışlaq kənd İƏN tərkibində inzibati ərazi olmuşdur. 1999-cu ildən etibarən bələdiyyə strukturu fəaliyyət göstərir. Seçicilərin sayı 250 nəfərdir. Son seçki müddətində 5 üzv, 2014-cü ildə isə bələdiyyəyə 7 üzv seçiləcək.
Kəndin kənarında qədim ipək yolu üzərində salınmış dəmirağac meşəsi yerləşir, həmçinin üzərində qədim alban yazısı olan daş, alban kilsəsinin qalıqları və s. mövcuddur.
Kənd Böyük Qafqaz dağlarının ətəyində, rayonun cənub-şərq hissəsində, İsmayıllı rayonunun Çəmənli kəndi ilə sərhəddə yerləşir. Kənddən rayon mərkəzinə qədər məsafə 24 km, Bakı-Laqodexi avtomagistralına ən yaxın məsafəsi 6 km (İsmayıllı rayonu ərazisi ilə), rayonun iri yaşayış məntəqələrindən olan Vəndam qəsəbəsinə qədər 11 km məsafə var.
Kənd Qəbələ rayonu tərkibində Zaqatala-Lahıc fiziki-coğrafi rayonu tərkibinə daxildir. Bu ərazilər Böyük Qafqazın cənub yamacını əhatə edir. Zaqatala-Lahıc fiziki-coğrafi rayonu ərazisində mülayim isti iqlimin-qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim və yağıntıları bərabər paylanan mülayim-isti iqlim yarımtipləri yayılmışdır. Böyük Qafqazın orta və alçaq dağlıq hissəsində yerləşən Qəbələ rayonu, eləcə də Məmmədağalı kəndi ərazisində yağıntıları bərabər paylanan mülayim-isti iqlim formalaşmışdır. Bu iqlim tipi daxilində qış yumşaq, yay mülayim-isti keçir, ilboyu yağışlar yağır. Lakin yay nisbətən quraq keçir. Məmmədağalı kəndi ərazisində ağır gillicəli dağbozqırlaşmış qəhvəyi torpaq tipi üstünlük təşkil edir.
1 fevral 2013-cü il tarixli məlumata əsasən kəndin 514 nəfər əhalisi var. Kənddə fəal əhali - 15%, təqaüdçülər - 26%, 18 yaşına qədər uşaqlar - 15% təşkil edir. Əhalinin qalan 44%-i şəxsi təsərrüfatla məşğul olur. Kənd əhalisi bütünlüklə sünni mənhəcli Azərbaycan türklərindən təşkil olunmuşdur.[4][5]
Kənd əhalisinin böyük əksəriyyəti heyvandarlıqla məşğul olur. "Ərzaq təhlükəsizliyi" proqramına əsasən il-ildən taxılçılığa, xüsusilə buğda əkilməsinə diqqət artmışdır.
Kənddə 1 orta məktəb fəaliyyət göstərir.
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |