Rəşad Əhmədov (5 yanvar 1981, Yevlax) — Azərbaycanı təmsil edən taekvondoçu.[1]
Rəşad Əhmədov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Rəşad Asif oğlu Əhmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan SSR |
Boyu | 184 sm. (5 ft 6 in) |
İdman növü | Taekvondo |
Karyera illəri | 1997—2009 |
Rəşad Əhmədov 1981-ci il yanvarın 5-də Yevlax şəhərində anadan olub.
Rəşad Əhmədov 2001-ci ildə Niderlandda baş tutan hərbçilər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il sonra Birləşmiş Ştatlarda baş tutan hərbçilər arasında Dünya Çempionatında isə Rəşad Əhmədov bürünc medala sahib oldu.
2002-ci ilin mayında Rəşad Əhmədov birinci ciddi uğuruna imza atdı. Samsun şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Bir il sonra isə Rəşad Əhmədov Almaniyanın Qarmiş-Partenxirhen şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin il Fransanın Paris şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Rəşad Əhmədov Azərbaycan idmanında bu idman növü üzrə olimpiya lisenziyasına sahib olan birinci azərbaycanlı olaraq tarixə düşdü.
Afina Olimpiadasından əvvəl Rəşad Əhmədov 2004-cü ilin mayında Norveçin Lillehammer şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Rəşad Əhmədov 2004-cü ilin avqustunda Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Rəşad Əhmədovun 1/8 final mərhələsində rəqibi Trinidad və Tobaqo nümayəndəsi Çinedum Osuji oldu.[2] Həmin görüşdə Rəşad Əhmədov rəqibinə 10:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xrisofe Negrel oldu.[2] Rəşad Əhmədov həmin rəqibinə mayda Avropa Çempionatının yarım-final mərhələsində məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəşad Əhmədov rəqibi üzərində 24:18 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı.[2] Finala gedən yolda onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Bahri Tanrıqulu oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 6:6 hesabı ilə başa çatsa da, son xalı Bahri Tanrıqulu qazandığına görə görüşün qalibi oldu.[2] Rəşad Əhmədov isə mübarizəni təsəlliverici qrupda davam elədi.[2] Əvvəlcə onun rəqibi 2000-ci il Sidney Olimpiadasının bürünc medalçısı Victor Estrada oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 9:9 hesabı ilə başa çatsa da, son xalı Rəşad Əhmədov qazandığına görə görüşün qalibi oldu və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi Dünya və Asiya Çempionatlarının qalibi İran nümayəndəsi Yusif Kərimi oldu.[2] Qələbə qazanacağı halda Rəşad Əhmədov bu idman növü üzrə olimpiya medalına sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşə bilərdi. Amma gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəşad Əhmədov rəqibinə 8:10 hesabı ilə məğlub oldu və Afina Olimpiadasını dördüncü pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Rəşad Əhmədov 2005-ci ildə Niderlandda Dutch Open beynəlxalq turnirinin qalibi oldu. Həmin il Rəşad Əhmədov həm də Latviyanın Riqa şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. 2006-cı ildə Rəşad Əhmədov üçün uğurlu oldu. German Open beynəlxalq turnirinin qalibi olan Rəşad Əhmədov mayda Almaniyanın Bonn şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq növbəti dəfə turniri gümüş medalla başa vurdu.
2008-ci ildə İstanbul şəhərində Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən növbəti dəfə olimpiya lisenziyasına sahib olan Rəşad Əhmədov olimpiada da bu səfər medala iddialı idi. Rəşad Əhmədov Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında avqustun 22-də mübarizə apardı.[3] Turnirin 1/8 final mərhələsində onun rəqibi Asiya Oyunlarının qalibi olan Qətər nümayəndəsi Abdulqədir Sərxan oldu.[3] Həmin görüşdə Rəşad Əhmədov rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi son Dünya Çempionatının bürünc medalçısı olan Kanada nümayəndəsi Sebastien Miçaud oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 0:0 hesabı ilə başa çatsa da, qızıl hissədə Rəşad Əhmədov rəqibinə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda onun rəqibi Asiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi, Afina Olimpiadasının çempionu olan İran nümayəndəsi Hadi Sayi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəşad Əhmədov titullu rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi.[3] Həlledici görüşdə isə onun rəqibi daha bir titullu idmançı — dörd dəfə Dünya Çempionatlarının qalibi, Sidney və Afina olimpiadalarının çempionu Birləşmiş Ştatlar nümayəndəsi Steven Lopez oldu.[3] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[3] Dörd il əvvəl olimpiada da medalın bir addımlığında çəğlub olan Rəşad Əhmədov bu səfər də eyni aqibətlə üzləşdi.[3] Rəqibinə 4:5 hesabı ilə məğlub olan Rəşad Əhmədov olimpiadanı beşinci pillədə başa vurdu.[3]
2009-cu ildə Kopenhagen şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatının bürünc medalına sahib olduqdan sonra Rəşad Əhmədov idmanla vidalaşdı.