Seyid Mirbabayevin sarayı

Seyid Mirbabayevin sarayıBakı şəhərində, Azneft meydanında, Niyazi küçəsi 1 üçvanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olmuş xanəndə Seyid Mirbabayevə məxsus olmuş saraydır. Bina Fransız intibah memarlığı üslubunda memar Paul Şternin layihəsi əsasında inşa edilmişdir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.

Seyid Mirbabayevin sarayı
Xəritə
40°19′ şm. e. 49°52′ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Azneft meydanı, Niyazi küçəsi, 1
Aidiyyatı SOCAR
Memar Paul Fridrix Stern
Tikilmə tarixi 18931895
Üslubu Fransız intibah memarlığı
Vəziyyəti stabil
Rəsmi sayt azhistorymuseum.az
İstinad nöm.152
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Seyid Mirbabayevin sarayı (Bakı)
Seyid Mirbabayevin sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Binanın sahibi olmuş xanəndə Seyid Mirbabayev

Binanın layihəsi 1893–cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarından isə binanın tikintisinə başlanılır. Bina Aramyan soyadlı sahibkarın sifarişi ilə inşa edilir. Lakin, Aramyan vaxtını qumar oynamaqla keçirir və o zaman Bakı milyonçularının bir çoxunun qumar oynamaq üçün toplaşdığı "İngilis klubu"nda keçirilən oyunlardan birində yenicə inşa edilmiş bu binanı da uduzur. Lakin, Tiflisdən gəlmiş həyat yoldaşı zinət əşyaları ilə evin dəyərini ödəyərək onu xilas edə bilir. Buna baxmayaraq qısa müddət sonra Aramyan binanı satmalı olur.[1]

Bakı daşınmaz əmlak hərracında binanı almaq istəyən tapılmır və o, evinə müştəri tapmaq üçün Tiflisə yola düşür. Bu zaman bina yenivcə varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin diqqətini cəlb edir. Mirbabayev məsləhət üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir və Tağıyev ona sarayı almağı və mənzillərə bölərək gəlir evi kimi istifadə etməyi məsləhət görür. Daha sonra Tağıyev Aramyana tövsiyə məktubu yazaraq Mirbabayevin evi almasına kömək edir. Aramyan binanı əvvəl planlaşdırdığından daha ucuz qiymətə satır.[1] O vaxtdan bina yerli əhali arasında Mirbabayevin evi kimi tanınır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə binanın birinci mərtəbəsində Böyük Britaniya konsulluğu yerləşirdi.[1][2]

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Seyid Mirbabayevin bütün mülklərini müsadirə edirlər. Milyonçu özü isə Fransaya mühacirət etməli olur.[3] Bir müddət sonra onun özü ilə gətirdiyi pullar qurtarır və Mirbabayev bir müddət səfil vəziyyətdə Paris küçələrində yaşamalı olur.[4]

Sovet hakimiyyəti illərində "Azneft"in sərəncamına verilmiş sarayda, Azərbaycan müstəqillik əldə etdikdən sonra (1991) Azərbaycan Dövlət Neft Şirkəti aparatı yerləşdirilmişdir. 1990 – cı illərdə binada bir dəfə yüngül bərpa işləri aparılmışdır.

border=none Əsas məqalə: Seyid Mirbabayev

Binanın ilk sahibi Aramyan soyadlı erməni sahibkarı olsa da, o, tamamlanmasından qısa müddət sonra binanı yenicə varlanmış Seyid Mirbabayev adlı azərbaycanlı xanəndəyə satır.[1] Saray əhali arasında Seyid Mirbabayevin evi kimi məşhurlaşır. Xanəndə olan Seyid Bakı toylarının ulduzlarından biri olur. Onun qrommofon valları böyük tirajlarla satılır. Milyonçu Şıxbalayevin yeganə oğlunun toyunda çıxış etməsi xanəndənin bütün həyatını dəyişir. Toyda xanəndənin ifasına heyran olan bəyin əmisi ona, nənəsindən miras qalmış "Bala şoranlıq" adlı torpaq sahəsini hədiyyə edir.[4] Bir müddət sonra hədiyyə edilmiş yerdə neft fontan vurur və xanəndə Seyid Mirbabayev milyonçuya çevrilir.[4] Bakı əməliyyatından sonra Parisə köçən Mirbabayev bu şəhərdə səfil vəziyyətinə düşür. Bu zaman, Aşurbəyovlar nəslindən Teymur bəy Aşurbəyov xanəndə ilə qarşılaşır və onu özü ilə Tehrana gətirir. Seyid Mirbabayev ömrünün sonuna kimi bu şəhərdə, Aşurbəyovların himayəsi altında yaşayır.[4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Saray 1905 və 2013-cü illərdə

Sarayın yerləşdiyi Niyazi (keçmiş Sadovaya) küçəsi Azneft meydanından başlayaraq şəhərin o zamankı mərkəz hissəsini tamamlayırdı. Bu küçə həm də İçərişəhər ətrafı dairəvi magistralın bir hissəsini təşkil edir. Tikililər bu meydandan Bayıla tərəf uzanırdı. Artıq XIX əsrin ortalarından etibarən, meydan getdikcə öz simasını dəyişməyə başlayırdı. Bu dəyişikliklər meydanın əsas hissələrindən biri olan Kokorevskiy sahəsi adlandırılan ərazidə 1890 – cı illərin əvvəllərində memar Paul Şternin layihəsi əsasında üçmərtəbəli sarayın inşa edilməsindən sonra daha da sürətləndi.[5]

Planı və tikilməsi

[redaktə | mənbəni redaktə et]
Binanın fasad detalı

Bina Fransız intibah memarlığı üslubunda memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir.[5] Daha çox Tbilisidə inşa etidiyi binalarla məşhur olan memar Ştern, bu şəhərdə neomavritan üslubunda inşa edilmiş İncəsənət sarayı və Tbilisi meriyasının binasının da müəllifidir. Binanın əsas fasadı Xəzər sahilinin qərb tərəfinə baxır. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillər şəklində qurulan saray şəhərin layihələndirilmə strukturunda çox mühüm əhəmiyyət daşıyır. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılır.[6]

Binanın sahəsi bütün perimetri boyunca iki yaruslu otaqlar sırası ilə tikilib. Xarici çevrə boyu ev, künc hissələrdə, planda xüsusi olaraq nəzərə çarpdırılmış, həcmin qəşəng düzülüşünü müəyyən etmiş üçüzlü forma əldə edir. Xüsusi olaraq nəzərə çarpdırılmış günbəzşəkilli tamamlama və əsas fasadın mərkəzi hissəsi ilə binanın üçmərtəbəli monumental həcmi, həm də Fransa intibahının stilistik istiqamətində də memarlıq kompozisiyasını aşkara çıxarmışdır. Rizalitlərlə birgə yüksək səviyyəyə çatdırılmış künc hissələrin formaları və xüsusi olaraq nəzərə çatdırılmış mehvər kompozisiyası binanın bədii mühitini genişləndirmişdir. Hər mərtəbəli üfüqi hissələrə ayırma, dərin və yastı olaraq yonulmamış daşla hörmə vasitəsilə saqul boyunca azalma sistemi ilə mərtəbələrin aşkar edilmiş kütləsi, həcmin kompozisiyasının geniş açılmış görünüşünü verir.[7]

Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. İstifadəsinə və həllinə görə otaqların interyeri əsas fasadın eksteryerindən geri qalmır.[7]

  1. 1 2 3 4 КАСТРЮЛИН, C. "115 лет доходному дому ханенде Сеида Мирбабаева". echo.az. Exo qəzeti. 24.02.2011. İstifadə tarixi: 7 may 2016.[ölü keçid]
  2. Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 172. 2021-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
  3. "Azərbaycan memarlığının inkişafı" jurnalı, N 3, Bakı, 2005
  4. 1 2 3 4 Сабироглу, Фархад. "Тяжела жизнь на чужбине..." aztc.gov.az. Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi. 13 Январь 2016. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  5. 1 2 Bakının Memarlıq Ensiklopediyası, 2013. səh. 127
  6. Ş. S. Fətullayev – XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma, Bakı, 2003, səh 368
  7. 1 2 Bakının Memarlıq Ensiklopediyası, 2013. səh. 128
  • Ş. S. Fətullayev – XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma, Bakı, 2003
  • Ş. S. Fətullayev – Bakının Memarlıq Ensiklopediyası, Bakı, Azərbaycan Respublikası Memarlar İttifaqı, 2013