Sərgüzəşti Mərdi-Xəsis
Sərgüzəşti mərdi-xəsis və ya Hacı Qara — 1850-ci ildə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun qələmə aldığı komediyadır.
== Təsviri ==
Azərbaycan realist dramaturgiyasının və nəsrinin inkişafında Mirzə Fətəli Axundov əhəmiyyətli rol oynamışdır. Onun qələmindən çıxmış "Hekayəti-molla Ibrahim Xəlil kimyagər" (1850), "Hekayəti-müsyö Jordan" (1850), "Sərgüzəşti- vəziri xani-Lənkəran" (1850), "Hekayəti xırsi-quldurbasan" (1851) və digər komediyaları özündən sonrakı ədəbi nəslə böyük təsir göstərmiş, ədəbiyyat xəzinəmizin qızıl fonduna daxil olunmuşdur. M. F. Axundovun geniş şöhrət qazanan əsərlərindən biri də "Sərgüzəşti mərdi-xəsis" və ya "Hacı Qara" (1855) komediyasıdır. Bu komediyanın əsas mövzusu xəsislik və onun törətdiyi bəlalardır. Komediyada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəyin toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı baş vermiş əhvalatlar komediyanın süjet xəttini təşkil edir. Əsər Heydər bəyin monoloqu ilə başlayır. Onun sözlərindən məlum olur ki, Heydər bəy Qarabağın məşhur bəylərindəndir. Onun ata-babaları qaçaqçılıqla məşğul olmuş, "tamam Qarabağı qızıl-gümüşlə doldurmuşlar".