Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si.
== Həyatı ==
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.