Xurşudbanu Natavan
Xurşidbanu Natəvan (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.